Siyasət 14:17 08.03.2021

BMT-nin mötəbər tədbirində Ermənistanın cinayətləri ifşa edildi

Martın 7-dən başlayaraq Yaponiyanın Kyoto şəhərində BMT-nin Cinayətkarlığın Qarşısının alınması və Cinayət Ədliyyəsi üzrə 14-cü Konqresi geçirilir.

Qaynarinfo-nun məlumatına görə, martın 12-nə qədər davam edəcək Konqresdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi, tərkibinə XİN, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti təmsil edir.

Konqresin ilk günü ədliyyə naziri Fikrət Məmmədov həm milli qisimdə, həm də Qoşulmama Hərəkatının sədri qismində çıxış edib. Milli qisimdə etdiyi çıxışda nazir, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı dövründə və vətən müharibəsi ərzində törədilən cinayətlər, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərinin talan edilməsi, mədəni irsinin dağıdılması, vətən müharibəsi dövründə xarici ölkələrdən olan terrorçu muzdlulardan istifadə edilməsi, erməni diaspora təşkilatları tərəfindən aldatma və digər qanunsuz yollarla humanitar yardım göstərilməsi adı altında ianələr toplanaraq münaqişə zonasına göndərilməsi halları barədə məlumat verib. Nazir vətən müharibəsi nəticəsində 30 illik işgal altında olan ərazilərimizin işğaldan azad edildiyini bildirib.

Qoşulmama Hərəkatına üzv olan 120 ölkə adından olan bəyanatda Azərbaycan tərəfinin təkliflərinə uyğun olaraq xeyriyyə təşkilatlarından terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinin qarşısının alınması, münaqişə dövründə vandalizm aktları, mədəni irsin dağıdılması və ya talanması ilə bağlı böyük narahatlıq ifadə olunaraq bu halların aradan qaldırılmasına, qanunsuz çıxarılmış mədəni mülkiyyətin qanuni sahibinə geri qaytarılması ilə bağlı çağırışlar təsbit ediib.

Konqres iştirakçılarının diqqətini cəlb edən bu əsaslı ittihamlardan yayınmaq istəyən Ermənistanın ədliyyə naziri ölkəmiz və Türkiyə ilə bağlı uydurma fikirlər söyləyib. Bu çıxışa cavab olaraq XİN nümayəndəsi cavab hüququndan istifadə edərək tutarlı dəlillərlə erməni nazirin yalanlarını ifşa edib. Çıxışında ölkəmizi nifrət cinayətlərini törətməkdə ittiham edən erməni nazirə cavab olaraq Azərbaycan nümayəndəsi nifrət cinayəti barədə danışan rəsmi şəxsin təmsil etdiyi ölkənin dünyanın ən monoetnik, antisemit və islamofob ölkələrindən biri olaraq tanındığını, 1 milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqını öz yurd yuvalarından didərgin saldığını, paytaxt şəhərin mərkəzində faşistlərə və terrorçulara abidə ucaltdığını xatırlatmış və vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərlə bağlı məsul şəxslərin məsuliyyətə cəlb edilməsi tələb edilib. Türkiyə nümayəndə heyətinin fiziki olaraq iştirak etmədiyi tədbirdə qardaş ölkəyə qarşı irəli sürülmüş əsassız iddialara da nümayəndə heyətimiz tərəfindən cavab verilib.

Elə həmin iclasda qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə yönəlmiş Kyoto Bəyannaməsi qəbul olunub. Bu 5 illik proqram xarakterli mühüm sənəddə Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən bir sıra müddəalar əksini tapıb.