BMT-nin İnkişaf Proqramının rəhbəri Aleksandr De Kru bildirib ki, hücumlar elektrik enerjisi və su təchizatını məhdudlaşdırarsa, ölkədə humanitar fəlakət təhlükəsi yarana bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onun sözlərinə görə, qış başlamazdan və havanın temperaturu aşağı düşməzdən əvvəl enerji sisteminin bərpası uğrunda “zamanla yarış” gedir: "Bu qış müharibə dövründə ən sərt qış olacaq".
O bildirib ki, Ukrayna qışa zəif vəziyyətdə daxil olur və BMT vəziyyətdən ciddi narahatdır. De Krunun sözlərinə görə, Rusiya tərəfindən mülki və enerji infrastrukturuna endirilən zərbələr narahatlıq doğurur. O, yanacaqdoldurma məntəqələri, ticarət mərkəzləri, biznes mərkəzləri və xüsusilə enerji infrastrukturu, elektrik xətləri və digər obyektlərə hücumların heç bir əsasının olmadığını bildirib.
Onun fikrincə, ən pis ssenaridə istilik təchizatında problemlər yarana, su və kanalizasiya sistemləri sıradan çıxa və ölkə humanitar fəlakət həddinə çata bilər.
BMT-nin İnkişaf Proqramı zədələnmiş enerji sistemi obyektlərinin bərpasına yardım edir, həmçinin daha dayanıqlı və mərkəzləşdirilməmiş elektrik stansiyalarının yaradılmasına dəstək göstərir.
De Kru bildirib ki, bütün işlərin qışa qədər başa çatdırılması faktiki olaraq mümkün deyil. Onun sözlərinə görə, bərpa işləri hava hücumu siqnalları şəraitində aparılır və mütəxəssislər obyektlərin yenidən hədəfə çevrilə biləcəyini bilirlər.
Bundan əvvəl Avstriyalı hərbi ekspert Markus Reysner Rusiyanın qarşıdakı qışdan Ukraynaya təzyiqi artırmaq üçün istifadə edə biləcəyini yazıb. Onun fikrincə, Rusiya enerji və kritik infrastruktura zərbələri gücləndirə bilər. Cəbhə xəttində vəziyyət dəyişməz qalarsa, Kreml Ukrayna cəmiyyətini tükəndirməyə yönəlmiş strategiyaya üstünlük verə bilər.
Aydın
Şərhlər