Bakı Nəqliyyat Agentliyi (BNA) "qanunsuz parklanmalara, dayanma və durma qaydalarını pozan sürücülərə qarşı mübarizənin həyata keçirilməsi məqsədilə yaradılmış Mərkəzi İnformasiya Sisteminin müəyyən edilmiş qaydada fəaliyyəti üçün Sistemə göstəriləcək 12 (on iki) aylıq texniki dəstək xidmətinin və digər aidiyyəti texniki işlər”in satın alınması üzrə müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Mobilex” MMC olub. BNA göstərdiyi xidmət müqabilində şirkətə 425 137.1 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Mobilex” MMC 18 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 15, mənzil 11/12-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Orxan Musa oğludur.
Açıq mənbələrdə Orxan Abbasov barədə hər hansı məlumat yoxdur. "Mobilex” MMC haqqında da məlumatlar məhddudur. Maraqlıdır ki, 5 ildir fəaliyyət göstərən texnoloji şirkətin veb-səhifəsi belə yoxdur. Bu da "Mobilex” MMC barədə müəyyən şübhələrə yol açır.
BNA-nın dövlət satınalmaları ilə bağlı apardığımız araşdırmalar zamanı məlum olur ki, qurum "Mobilex” MMC ilə sıx "əməkdaşlıq” edir. Qurum ötən il şirkətlə iki dəfə satınalma müqaviləsi imzalayıb. Eyni gündə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 786 462.55 AZN-dir.
Seyid
Şərhlər