Ekonomiks 20:17 03.04.2014

BP yeni vitse-prezident təyin etdi

BP şirkəti Co Mörfinin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunun Cənub Dəhlizi üzrə vitse-prezidenti vəzifəsinə təyin edib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, C. Mörfi yeni vəzifəsində “Şahdəniz” üzrə qazın dəyər zəncirinin (QDZ) inteqrasiyasına və BP-nin bütün Cənub Dəhlizi məsələləri üzrə şirkətxarici işlərinə, o cümlədən “Şahdəniz” QDZ-nin Yunanıstan, Albaniya, İtaliya hökumətləri və Avropa Komissiyası ilə əlaqələrdə təmsil olunmasına cavabdehlik daşıyacaq.

C. Mörfi BP-nin Bakı ofisində işləyəcək və BP-nin AGT regionu üzrə rəhbər qrupunun üzvü olacaq.

Bu təyinat AGT regionunun Cənub Dəhlizi üzrə hazırkı vitse-prezidenti Al Kukun BP Qrupu prezidentinin icra aparatının rəhbəri vəzifəsinə təyin olunmasından sonra verilib.

Hər iki təyinat may ayının əvvəllərində qüvvəyə minəcək.

Qeyd edək ki, C. Mörfi yeni təyinatına hazırda işlədiyi əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə icraçı vitse-prezidentin icra aparatının rəhbəri vəzifəsindən keçəcək. C. Mörfi BP şirkətinə 2000-ci ildə gəlib. O, neft və qaz sənayesi sahəsində təcrübəli menecerdir və Meksika Körfəzi, Vyetnam, Yaxın Şərq, Misir və Şimali Amerika regionlarında rəhbər vəzifələrdə çalışıb. 

Qaynar.info