Ötən il Böyük Britaniyada yaşayan milyonçuların sayı 2008-ci il maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib. Azalmanın əsas səbəbləri kimi aktivlərin dəyərdən düşməsi, yüksək sərvətə malik şəxslərin ölkəni tərk etməsi və ailələrin yığım səviyyəsinin aşağı olması göstərilir.
Qaynarinfo "The İndependent"ə istinadla xəbər verir ki, 2024-cü illə müqayisədə 7 faiz azalan milyonçuların sayı 442 min nəfər təşkil edib.
Məlumatlar Adam Smit İnstitutunun (Adam Smith Institute — ASI) hazırladığı indeksə əsaslanır.
İndeksdə Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatlarından istifadə olunub, inflyasiya və valyuta məzənnələrinin təsiri nəzərə alınaraq göstəricilər sabit qiymətlərlə hesablanıb. Bu metodologiyaya əsasən, daşınmaz əmlak, digər maddi aktivlər, səhmlər, investisiyalar, pensiya yığımları və əmanət hesabları daxil olmaqla ümumi sərvəti 1 milyon funt sterlinqdən çox olan şəxslər milyonçu hesab edilir.
Sağmərkəzçi tədqiqat və ekspert mərkəzi kimi fəaliyyət göstərən institut Böyük Britaniyanın yüksək sərvətə malik şəxslər üçün daha cəlbedici ölkəyə çevrilməsinin vacibliyini vurğulayır. İnstitut hökuməti vərəsəlik vergisini ləğv etməyə, kapital artımı vergisini mərhələli şəkildə aradan qaldırmağa və qeyri-domicil vergi rejimini yenidən nəzərdən keçirməyə çağırır.
Bu tədbirlər varlı ailələr üçün əlverişli olsa da, dövlət büdcəsinin itirəcəyi gəlirlərin necə kompensasiya ediləcəyi ilə bağlı suallar yaradır.
Fiskal Araşdırmalar İnstitutunun (Institute for Fiscal Studies — IFS) məlumatına görə, hökumət 2023–2024-cü maliyyə ilində vərəsəlik vergisindən 7,2 milyard funt sterlinq gəlir əldə edib. Bu məbləğ dövlətin ümumi gəlirlərinin 1 faizindən azını təşkil edib.
Lakin bu göstəricinin 2025–2026-cı maliyyə ilində 8,5 milyard funt sterlinqə, 2030–2031-ci maliyyə ilində isə 14,5 milyard funt sterlinqdən çox səviyyəyə yüksələcəyi gözlənilir. Artım vergi hədlərinin dondurulması, fiskal sıxılma və pensiya fondlarının vərəsəlik vergisi hesablamalarına daxil edilməsi ilə əlaqələndirilir.
Adam Smit İnstitutu bildirir ki, milyonçuların sayının azalması fonunda sərvət vergisinin tətbiqi ilə bağlı təkliflər "xüsusilə yanlış”dır.
Bir sıra iqtisadçılar, analitiklər və vergi mütəxəssisləri vergilərin artırılmasının məqsədəuyğun olmadığını bildirərək Fransa, İsveç və Niderlandda oxşar təşəbbüslərin uğursuzluğuna diqqət çəkirlər. Onların fikrincə, bu ölkələrdə vergi gəlirləri azalıb, varlı şəxslərin ölkəni tərk etməsi isə sürətlənib. Həmin şəxslərin iş yerləri yaratdığı və ümumi rifaha töhfə verdiyi vurğulanır.
Hesabatda digər səbəb kimi yüksək sərvətə malik şəxslərin Böyük Britaniyanı tərk etməsi və ya ölkəyə köçməkdən çəkinməsi göstərilir. Bununla belə, hesabatda qeyd olunan hallar Böyük Britaniyanın Vergi və Gömrük Xidmətinin (HM Revenue and Customs — HMRC) məlumatlarında təsdiqini tapmayıb.
Hesabatda biznes və ticarət məsələləri üzrə kölgə naziri Endryu Qriffitin fikirlərinə də yer verilib:
"Şəxsi maliyyə vəziyyətindən asılı olmayaraq, milyonçuların sayının azalması narahatlıq doğurur. Çünki varlı şəxslər vergi ödəyir, iş yerləri yaradır və iqtisadiyyata töhfə verirlər. Gənc və iddialı insanların ölkəni tərk etməsi rəqabətli dünyada mənfi siqnaldır”.
Hesabatda hökumətin keçmiş biznes naziri Conatan Reynolds və Kir Starmerin hökumətində bu vəzifəni tutmuş Pit Kaylın (Peter Kyle) şərhlərinə yer verilməyib.
Adam Smit İnstitutunun iqtisadçısı Miçel Palmer bildirib:
"Milyonçuların sayının azalması solçu dairələrdə uğur kimi qiymətləndirilə bilər, lakin əslində bu, xəbərdarlıq siqnalı olmalıdır. Hər bir milyonçunun ölkəni tərk etməsi Britaniya biznesləri üçün kapitalın azalması, beynəlxalq əlaqələrin zəifləməsi və sahibkarlıq ruhunun sönməsi deməkdir.
Sərvət vergisinin tətbiqi və ya kapital gəlirlərinə gəlir vergisi ilə eyni dərəcənin tətbiq edilməsi kimi təklif olunan tədbirlər problemi daha da ağırlaşdıra bilər.
Hökumət Britaniyanı iddialı şəxslərin sərvət yarada və onu qoruya biləcəyi cəlbedici ölkəyə çevirməlidir. Bu məqsədlə vərəsəlik vergisinin və kapital artımı vergisinin azaldılması və ya ləğv edilməsi nəzərdən keçirilə bilər”.
Aydın
Şərhlər