Hüseynbala Səlimov
Siyasət 10:06 22.11.2021

Brut, sən də?..

Hüseynbala Səlimov

Ötən həftənin sonunda xəbər verdilər ki, Gürcüstanın eks-prezidenti M.Saakaşvili məhbəs həbsxanasından Qoridəki hərbi hospitala köçürülüb və o, bir aydan artıq davam edən aclığı dayandırmağa razılıq verib.

Oxucu bilir ki, mən yeri düşəndə Saakaşvili mövzusuna müraciət edirəm. Bəli, bir siyasətçi kimi bu adama simpatiyamız var. Amma ona bağışlamadığımız məqamlar da az deyil. Məsələn, Saakaşviliyə ölkənin siyasi modelini dəyişməyi bağışlaya bilmirik. Aydındır ki, Saakaşvili bu modelə ona görə keçmişdi ki, prezidentlikdən sonra baş nazir olsun. Gəl, bu, ona qismət olmadı – o, taleyin hökmü ilə barışdı və seçkiləri uduzduğunu etraf edib istefaya getdi. Necə deyərlər, hesab bir–bir oldu – ölkənin siyasi modelini dəyişdi, amma özü bundan faydalana bilmədi.

Ona görə də demək olmaz ki, Gürcüstanda müxalifət yoxdur, xeyr, var, özü də onun nüvəsini Saakaşvilinin tərəfdarları təşkil edir. Amma burada iki məqam var. Birincisi, Gürcüstandakı müxalifət də illərdir ki, ikinci pillədə qərarlaşıb, heç cür birinci pilləyə adlaya bilmir, necə ki, bir sıra post-sovet ölkələrində müxalifət on illərdir parlamentdə bircə mandatdan artıq qazana bilmir və bir mandatı da onlara ona görə verirlər ki, ölkədə çoxpartiyalıq və siyasi plüralizm görüntüsü yaransın. İkincisi, əgər Saakaşvili Gürcüstanı parlament respublikasına çevirməsəydi, böyük ehtimalla "Gürcü arzusu” bu qədər hakimiyyətdə qalmayacaqdı...

İndi bu "Gürcü arzusu” bir əlilə hakimiyyətdən, o biri əlilə isə Saakaşvilinin xirtdəyindən yapışıb. Bunlar da sanki faşistlər kimi deyirlər ki, ən yaxşı kommunist ölü kommunistdir. Bəli, bu, təkcə gürcü mərəzi deyil. Post-sovet məkanının çox yerlərində belə edirlər. Məsələn, bu günlərdə İstanbulda baş tutan türk sammitinə çox sevindik. Amma gəl, ürəyimizdən bir nisgil keçdi ki, görən əsl azadlıq havası bu ölkələrin qapı-pəncərəsini nə vaxt döyəcək? Bəli, bu sammitdə Macarıstanın da iştirak etməsi xəbəri də bizi çox sevindirdi. Amma macar qardaşımız Orbanın Avropadan elə də xoş xəbərləri gəlmir, bu adam avtoritar lider kimi tanınır, necə ki, qədim hunlar demokrat deyildilər. 

Amma o vaxt başqa əyyamlar idi və qədim hunların bəxtinə başqa missiya yazılmışdı: Roma imperiyasına son vermək, bununla da həm də ilk Avropa demokratiyalarını bitirmək, qədim Yunan və Roma siyasi ənənələrilə uzun müddətə qurtarmaq...

Fəqət, bunlar yüz illər bundan əvvəlcə olmuşdu. İndi tamam başqa tarixdir. Ölkələrin hakimiyyətləri olduğu kimi müxalifətləri də olmalıdır. Özü də əsl müxalifətləri! Bunlar daha qədim Romada Sezarın öz atını Senata üzv etdiлləri kimi sevimli itlərini, pişiklərini parlamentə üzv təyin etməməlidirlər! Düşünürük ki, Roma imperiyası məhz buna görə çökdü, çünki qədim Yunanıstanda nə yaradılmışdısa, romalılar onun eybəcərini düzəltmişdilər. 

Amma Senatdakı atı Sezarı ona qarşı çıxanların qılıncından xilas edə bilmədi və Sezar gözlərindəki heyrətlə bu dünyanı tərk etdi, çünki hesab edirdi ki, onun müxalifəti yoxdur, amma dostu Mark Brut qılıncı hamıdan birinci onun qarnına soxdu və Sezar yalnız bircə söz deyə bildi: "Brut, sən də?..”

Bəli, Saakkaşvili, Orban və Sezar... Haradan gəlib hara çıxdıq! Amma bu da təsadüfi deyil – söz yel qanadlı olar, deyiblər. Həm də mənim bir anlamadığım məqam var. Mən Saakaşvilinin nə istədiyini bilirəm; bəli, bu adam hakimiyyət istəyir. Amma ki, "Gürcü arzusu”nun nə istədiyini başa düşə bilmirəm. Ona görə ki, ötən həftə "Gürcü arzusu” hökuməti bəyan etdi ki, onlar Ərdoğanın təklif etdiyi "altılıq formatı”nda iştirak edə bilməzlər, çünki orada Rusiya var!..
Düşünürəm ki, elə Saakaşvili də belə deyərdi. Bəs onda problem nədədir? Ondadıк ki, "Gürcü arzusu” da hakimiyyət üçün əlləşib-vuruşur, amma bunu bütün də olmasa, bir çox post-sovet ölkələrinin hakimiyyətləri kimi açıq deyə bilmir və özlərini elə aparırlar ki, guya yalnız gürcü xalqının xatirinə, onun xilası üçün bu yükün altına giriblər!