"Rusiyanın cavab tədbiri olaraq Qərb aktivlərini dondurmaqla bu ölkələrə ciddi iqtisadi ziyan vurmaq imkanı var. Amma Rusiya tərəfindən səslənən bu fikirlər sadəcə olaraq şantaj xarakteri daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
"İndinin özündə Qərbin Rusiya ilə geniş iqtisadi əlaqələri qalır. Qərbin əsas şantaj aləti Rusiyanın "köhnə qitə" banklarında dondurulmuş 320 milyard dollarlıq ehtiyatlarının müsadirə edilərək Ukraynaya verilməsi hədəsidir. Əslində, bu hədə Qərbin özündə təəccüb və qəzəb doğurur. Çünki belə addımlar Qərb sisteminin təməlində dayanan xüsusi mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Ona görə də bəzi siyasi analitiklərin Rusiyanın pulunu müsadirə etmək açıqlamaları boş söhbətdir. Qərb buna yol verməz. Yalnız ilk addım kimi Rusiya pullarının gətirdiyi illik faizi Ukraynaya verirlər", deyə Zərdüşt Əlizadə bildirib.
Politoloq hesab edir ki, Rusiyanın ölkəsindəki Qərb mülkiyyətlərini müsadirə etməsi də bu mənada şantaj xarakteri daşıyır:
"İqtisadçılar bildirir ki, Moskva bu yolu seçsə, bundan həm Qərb, həm də Rusiya qlobal baxımdan itirəcək".
Ekspert qeyd edir ki, hələ də Qərbin Rusiyada böyük mülkiyyətləri qalmaqdadır:
"Bir sıra nəhəng neft şirkətləri və banklar Rusiyada qalıb işləyir. Xeyli sayda xarici vətəndaş Rusiyada özünə mülk alıb. Ona görə Qərb aktivlərini dondurmağa başlasa, Rusiya onları da ələ keçirmək ixtiyarındadır".
Həmsöhbətimiz bildirib ki, aktivlərin dondurulması və müsadirəsi ciddi fəsadlara yol açacaq:
"Dünyanın bir çox dövlətləri öz vəsaitlərini Qərb banklarında saxlayır. Bu mənada Rusiya vəsaitlərinin müsadirəsi pullarını Qərbdə saxlayan digər dövlətlərdə də etibarlılıq baxımından şübhə yaradacaq. Nəticədə trilyonlarla dollar Qərb bank sistemindən çıxa bilər. Təbii ki, bankirlər bunda maraqlı deyillər".
Qeyd edək ki, Rusiya Qərbi aktivlərinin dondurulmasına cavab verməklə hədələyib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Qərbin belə bir addım atacağı təqdirdə Rusiya öz aktivlərinin müsadirəsinə cavab vermək üçün bütün mexanizm və vasitələrdən istifadə edəcək. Bir sıra iddialara görə Qərbin Rusiyadakı aktivlərinin həcmi 288 milyard dollara bərabərdir. "RİA Novosti" bildirir ki, Aİ ölkələrinin 223,3 milyard dollarlıq aktivləri var ki, bunun da 98,3 milyard dolları Kiprə, 50,1 milyard dolları Niderlanda, 17,3 milyard dolları isə Almaniyaya məxsusdur. Bu sırada sonrakı yerləri aktivlərinin həcmi 16,6 milyard dolları olan Fransa və 12,9 milyard dollarla İtaliya tutur. Böyük Britaniyanın Rusiyadakı aktivlərinin həcmi isə 2021-ci il məlumatına gör, 18,9 milyard dollardır. ABŞ 9,6 milyard, Yaponiya 4,6 milyard, Kanada isə 2,9 milyard dollar dəyərində Rusiya aktivlərinə sahib olub.
Rüfət Sultan
Şərhlər