2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 9-unun yığımları azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında deyilir ki, tənəzzüldə olan sığorta şirkətləri aşağıdakılardır: "AXA MBASK”, Dövlət Sığorta Kommersiya Şirkəti, "AXA MBASK”,"AZSIĞORTA”,"Bakı Sığorta”, "Günay Sığorta”, "İpək Yolu Sığorta”, "Standard Insurance”, "Qala Həyat” və "Xalq Sığorta”. Məlumata görə, adıçəkilən şirkətlər 2017-i ilin 1-ci rübü ilə müqayisədə daha az sığorta haqları toplayıblar.
12 şirkət isə yığımlarını artıra bilib. 2 sığorta şirkəti (PAŞA Həyat və PAŞA Sığorta) cəmi 193,1 milyon manat sığorta haqlarının 63 faizini və ya 121.2 milyon manatını formalaşdırıblar. Ötən il bu nisbət 54 faiz olub.
Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı bazardakı mövcud vəziyyəti "Cümhuriyət” qəzetinə şərh edib. O bildirib ki, yığımları azalan şirkətlərin içərisində sözün əsil mənasında tənəzzül yaşayan şirkətlər var:
"Amma demək olmaz ki, yığımları azalan şirkətlərin hamısı zəifləyib. Çünki, adətən, ilin birinci rübü aldadıcı olur. Yəni, müqavilələrin bir çoxu hələ bağlanmır, elə şirkətlər var ki, müqavilələrin əksəriyyətini ilin ikinci, üçüncü rübü ərzində bağlayır. Yığım müqavilə dövründən asılı olaraq dəyişə bilir. Ümumiyyətlə, qiymətləndirməni ilin yekunlarına görə demək olar. Amma proqnozlarıma görə, 2018-ci ildə sığorta bazarı kiçilməyəcək. Ən azı bazar sabit qalacaq. Hesab edirəm ki, 2018-ci ilin sonuna qədər sığorta bazarında 5-10 faiz böyümə olacaq. Hesablamalarıma görə, bu il sığorta bazarının yığımları 600 milyon manata çatacaq”.
Ekspert hesab edir ki, müəyyən sığorta şirkətlərində olan problemlər bir neçə ildir yaşanır:
"Adıçəkilən şirkətlər içərisində elələri var ki, sadəcə, ilin birinci rübünün göstəriciləri az ola bilər. Amma o şirkətlərin daha da kiçiləcəyini və yaxud da bazardan çıxacağını ehtimal etmirəm. "AXA MBASK”-ın vəziyyəti bəllidir, belə ki, orada müəyyən struktur və rəhbər dəyişikliyi oldu. Artıq şirkətə yeni təsisçilər rəhbərlik edir.
Ola bilsin ki, bununla bağlı şirkətdə bir qədər durğunluq yaşanıb. Amma hesab edirəm ki, qısa müddətdə onlar bu vəziyyətdən çıxacaqlar. Yığımı azalan bir qisim şirkətlər müvəqqəti çətinlik çəkir. Amma digər şirkətlər də var ki, onlarda ümumi kiçilmələr nəzərə çarpır. Bazarın ümumi vəziyyətini stabil qiymətləndirmək olar. Ümumiyyətlə, çox ciddi problemlər və yaxud da bazarı kütləvi tərk etmələr gözlənilmir”.
Şərhlər