İdman 13:16 03.12.2021

Bu il “Qızıl top”a kim daha çox layiq idi? – Millimizin üzvləri danışdı

Bu il də dünyanın ən yaxşı futbolçusu adını argentinalı superulduz Lionel Messi qazandı. Messi bu yarışda "Bavariya”nın polşalı hücumçusu Robert Levandovski və "Çelsi"nin italiyalı yarımmüdafiəçisi Jorjinyonu qabaqlayaraq "Qızıl top” mükafatına sahib çıxdı. Ancaq onun bu nailiyyəti dünya çapında müzakirələrə yol açdı. Bir çoxları bu il "Qızıl top”u qazanmağa Levandovskinin daha çox layiq olduğunu deyərkən, Messini də müdafiə edənlərin sayı milyonlarla idi. Məsələ ilə bağlı əsas millimizin bəzi futbolçuları da münasibətini bildirib.

Qaynarinfo-ya açıqlamasında Messi, yoxsa Levandovskinin daha çox layiq olması barədə suala futbolçularımız beə cavab verib: 

Emin Mahmudov
 


"Məncə "Qızıl top”a daha çox Levandovski layiq idi. İki il ardıcıl özünü çox yaxşı tərəfdən göstərdi, qollar vurdu. Bu il də Çempionlar Liqasında 5 oyuna 9 qol vurub. Ona görə də məncə, Levandovski daha çox layiq idi, nəinki Messi. Mən Levandovskiyə səs verərdim. Messi Argentina yığmasında ilk dəfə "Copa Amerika”nı qazandığı üçün onu ili ən yaxşısı seçdilər. Bu, nə dərəcədə ədalətlidir ya yox, deyə bilmərəm, amma məncə, Levandovski daha çox layiq idi”.
 
Rəhim Sadıxov
 


"Düşünürəm ki, layiqli seçim idi. Çünki Messi "Copa America”nın qalibi olub. Levandovski isə sadəcə, Almaniya çempionluğu ilə kifayətlənib. Qol və qol ötürmələrini müqayisə etsək, ümumi statistika baxımından hər iki futbolçunun göstəriciləri, aşağı-yuxarı bir-birinə yaxındır”.

Azər Salahlı
 
 

"Mənim favoritim Ronaldo idi. Ancaq Ronaldo orada olmadığına görə 3 futbolçu – Messi, Levandovski və Jorjinyo arasında seçim aparılırdı. Nəticələrə baxanda, məncə, təkcə "Copa America”ya görə ilin n yaxşı futbolçusunu seçib mükafat vermək düzgün deyil. Levandovski ilin ən yaxşısı olmağa daha çox layiq idi. Çünki ard-arda neçə ildi yüksək performans göstərir. Ona görə də Levandovskini layiq görərdim. Ən azı keçən il təxirə salınmış "Ballon D`or”u Levandovskiyə vermək olardı. Belə bir şey olsaydı, haradasa Messinin də bu il "Qızıl top” qazanmasını qəbul etmək olardı. "Copa America”da çıxış edən normal ölkələr hazırda Argentina və Uruqvaydır. Onları məğlub edib çempion olmaq daha asandır, nəinki Avropa çempionatında nəticə qazanmaq. Bu mənim üçün də müəmmalı qaldı. Məndən olsa, "Qızıl top”u Levandovskiyə verərdim”.

Tellur Mütəllimov
 


"Səsvermə hüququm olsaydı, ötən və cari mövsümkü çıxışını nəzərə alıb Levandovskini seçərdim. Mənim seçimim belə olardı. Favoritlərdən Benzema, Jorjinyo, Messi var idi. Amma seçim hüququm olsaydı, səsimi Levandovskiyə verərdim”.

Səbuhi Həsənov