Ölkə 18:45 29.01.2020

“Bu proqnozlar çox vaxt özünü doğruldur” - Dağıdıcı zəlzələlər gözlənilir?

Türkiyədə ötən həftə baş verən zəlzələdən sonra yenidən zəlzələ proqnozları artıb. Türkiyə Jeoloji Mühandəsiləri Evi Mərmərə dənizində 7,6 bal gücündə zəlzələ olacağı ilə bağlı xəbərdarlıq edib. Bu isə İstanbul və Bursanı ciddi təhdid edir.

Hazırda zəlzələ panikası yarandığı üçün bu cür şayiələr sosial şəbəkələrdə geniş yayılaraq əhalidə panika və qorxuya səbəb olur.

Ümumiyyətlə. müasir elm zəlzələ barədə hansı səviyyədə proqnoz verə bilir, zəlzələ riski barədə hans ölçüdə xəbər tutmaq imkanına malikdir? Eyni zamanda bu cür tektonik aktivləşmənin sərhədləri, zəlzələnin yaxın dövrdə yenidən baş vermə ehtimalı varmı? 

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli "Yeni Sabah”a açıqlamasında bildirib ki, qısamüddətli proqnozlar vermək hələ də mümkün deyil:
 
"Zəlzələ barəsində birmənalı olaraq, bütün dünyada qısamüddətli proqnoz yoxdur. Yəni, yeri, gücü və vaxtı bilinmir. Məsələn, "yanvar ayının 29-da belə bir zəlzələ gözlənilir” demək hələ seysmologiya elmində problemdir. 

Amma ortamüddətli və ya uzunmüddətli proqnozlar vermək mümkündür. Bu proqnozlar da çox vaxt özünü doğruldur. Bunlar bir neçə ilə, bir neçə 10 illiklərə verilən proqnozlardır ki, təyin etmək olur. Hətta dəfələrlə bizim təşkilat tərəfindən də belə məsələlər olub. Amma bunu açıqlamaq ona görə mümkünsüzdür ki, günü dəqiq müəyyən olunmur”.

Q.Yetirmişli həmçinin bildirib ki, Azərbaycanda yaxın günlərdə Türkiyədə baş verən son dağıdıcı zəlzələ kimi güclü təkanların baş vermə ehtimalı yoxdur:

Azərbaycan ərazisinin yüksək seysmik aktivliklə fərqləndiyini söyləyən Q.Yetirmişli ölkə ərazisində potensial gücə malik seysmogen zonaların adlarını da açıqlayıb.
 
O bildirib ki, həmin zonalar Böyük Qafqazın cənub-şərq yamacı - Şamaxı-İsmayıllı, Gəncəbasar zonası, Azərbaycanın şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektorudur. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, ötən ildə Azərbaycanda 13 min zəlzələ qeydə alınıb. Bildirilib ki, yeraltı təkanlardan 6 minə qədəri yerli, 7 minə qədəri isə regional zəlzələdir: "Azərbaycan ərazisində baş verən zəlzələlərin 84-nün maqnitudası 3-dən yuxarı olub. Ötən il Azərbaycanda ən güclü zəlzələ (5,2 bal gücündə) fevralın 5-də Şamaxı-İsmayılı-Ağsu ərazisində qeydə alınıb. Fevralın 13-də həmin ərazidə daha bir güclü zəlzələ olub. Avqust ayında 4,9 bal gücündə daha bir güclü zəlzələ isə Zaqatalada olub".