Bu ilin 6 ayı ərzində Göygöl rayonuna 22 min 898 yerli və xarici turist gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Göygöl Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, iyul ayının əvvəlindən başlayaraq respublikanın əksər bölgələrində havaların anomal isti keçməsi ilə əlaqədar olaraq, həm Göygöl rayonuna, həm də Gəncənin Hacıkənd qəsəbəsinə, eləcə də Göygöl və Maral gölə gələn yerli və xarici turistlərin sayında kəskin artım müşahidə olunub. Respublikanın uzaq bölgələrindən gələn turistlərin bir hissəsi Göygöl rayonunun Çaylı, Yeni Zod, Toğanalı, Mixaylovka və digər kəndlərində kirayə ev tutublar. Gəncə şəhəri və ətraf aran rayonlarının sakinləri isə həftə içi Göygöl dolaylarındakı istirahət mərkəzlərində istirahət etməyə, yaxud əfsanəvi Göy-Göl və Maral gölün mənzərəsini seyr etməyə üstünlük veriblər.
Vurğulanıb ki, Göygöl, Maralgöl və ətraf əraziləri Milli Park statusu daşıdığından gölə həm insanların, həm də avtomobillərin buraxılışı ödənişli icazə əsasında həyata keçirilir. Bunun üçün Göygölə çatmağa 7 kilometr qalmış ərazidə quraşdırılmış buraxılış məntəqəsində bir nəfərə görə 2 manat, şəxsi avtomobillərə görə isə 1 manat ödənilir. Buraxılış məntəqəsindən alınmış qəbzlər Göygölə çatdıqda əraziyə nəzarəti həyata keçirən şəxsə təqdim olunur.
Əgər Göygölün təbii gözəlliklərini seyr edən turistlər bundan sonra Maral gölə də getmək istəsələr onlar ərazidəki xüsusi avtobuslara gediş-gəliş üçün ümumilikdə 2 manat ödəməlidirlər.
Rayon icra hakimiyyətindən bildirilib ki, yerli və xarici turistlərin, eləcə də sakinlərin rahatlığını və xoş istirahətini təmin etmək üçün 3 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 18 kilometr uzunluğunda Bakı-Qazax magistral avtomobil yolunun 353 kilometrliyindən Çaylı-Pənahlılar-Dozular kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılaraq yola asfalt örtük salınıb.
Eyni zamanda, Göygöl-Aşıqlı-Hacıkənd-Mixaylovka–Yeni Zod-Toğanalı kəndarası və Göy-Gölədək gedən avtomobil yolu əsaslı təmir edilərək asfalt örtük salınmasına başlanılıb və hazırda işlər davam etdirilir.
Şərhlər