Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir.
Qaynarinfo xəbər verir ki, bunu Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai deyib. Onun sözlərinə görə, kövşənliyin yandırılması torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır. Belə ki, samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur.
"Eyni zamanda biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırırıq ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Ötən il dekabrın 15-də "Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir.
İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər. Biz fermerlərə tövsiyə edirik ki, taxıl sahələrindən samanı yandırmadan çıxarın, yaxud xırdalayaraq mulça halında əkin sahələriinə verib, şum və digər torpaq becərmə əməliyyatları aparın".(azvision.az)
Şərhlər