Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrinin bir neçəsinin işğaldan azad olunmuş rayonlara köçürülməsi ilə bağlı təkliflər irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy 2 universitetlə bağlı təklif verib.
Onun sözlərinə görə, 2025-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetini Ağdama köçürmək yaxşı olar:
"Çoxşaxəli ixtisas sahəsi (iqtisad, texnologiya, idarə etmə) də uyğundur. Ağdamın regionda strateji ağırlık mərkəzi olmasına hərtərəfli mühüm dəstək olar. UNEC-in 100 illiyinə (2030) bundan qəşəng hədiyyə olmaz”.
Analitikin başqa bir təklifi isə Azərbaycan İnşaat və Memarlıq Universiteti ilə bağlı olub:
"AMİU-nu da Füzuli şəhərinə köçürmək olar. O regionda ən az 10 il inşaat gedəcək. Təhsil, mütəxəssislər və şirkətlər bir yerdə olar”.
Mütəxəssis hesab edir ki, universitetlərin köçürülməsi Bakıda əhali sayını nisbətən azalda bilər.
Qeyd edək ki, hazırda Bakıda 26 ali təhsil müəssisəsi var.
Orxan Əhmədli
Şərhlər