Xəbər lenti

Ölkə 10:51 04.07.2026

"Bu, uşaqların təhlükəsizliyi üçün mühüm hüquqi addımdır" - Hüquqşünas

Azərbaycanda uşaqların rəqəmsal mühitdə hüquqlarının daha etibarlı qorunmasına yönəlmiş qanunvericilik dəyişiklikləri qəbul edilib. Milli Məclisin qəbul etdiyi dəyişikliklərə əsasən, sosial şəbəkələrdən istifadə ilə bağlı yeni hüquqi mexanizmlərin tətbiqi, platformaların məsuliyyətinin artırılması və azyaşlıların təhlükəsizliyinin təmin olunmasına yönəlmiş yeni tələblər nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabın açılması üçün minimum yaş həddi 16 yaş müəyyən edilir. Eyni zamanda, 16-18 yaş arasında olan şəxslər yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti ilə sosial şəbəkələrdə hesab yarada, həmin hesablardan istifadə edə və məzmun paylaşa biləcəklər.

Bununla yanaşı, sosial şəbəkə platformalarının üzərinə uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məzmunun operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq kimi öhdəliklər qoyulur. Yeni tələblərin pozulmasına görə inzibati məsuliyyət də nəzərdə tutulur.

Mövzu ilə bağlı fikirlərini Qaynarinfo ilə bölüşən hüquqşünas Anar Qasımlı bildirib ki, qəbul edilən dəyişikliklər müasir dövrün tələblərinə cavab verən mühüm hüquqi yenilikdir.

Onun sözlərinə görə, indiyədək Azərbaycanda uşaqların sosial şəbəkələrdə müdafiəsi əsasən ümumi hüquqi normalarla tənzimlənirdi və bu sahədə daha konkret hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var idi:
 


"Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması dövrün ən aktual tələblərindən biridir. Dünyanın bir çox qabaqcıl ölkələrində bununla bağlı xüsusi hüquqi mexanizmlər mövcuddur. Azərbaycanda isə bu sahə əsasən ümumi hüquqi müddəalarla tənzimlənirdi. Uşaqlar bizim gələcəyimizdir və onların rəqəmsal mühitdə müxtəlif risklərdən, sosial şəbəkələr vasitəsilə yaranan təhlükələrdən qorunması dövlət üçün prioritet məsələlərdən biridir. Bu baxımdan qəbul edilən dəyişikliklər olduqca mütərəqqi addımdır."

Anar Qasımlı bildirib ki, yeni hüquqi mexanizmlər uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması üçün daha aydın qaydaların formalaşmasına imkan yaradacaq:

"Hazırda elə bir dövrdə yaşayırıq ki, 20-30 il əvvəl mövcud olmayan rəqəmsal imkanlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Uşaqların müxtəlif informasiya resurslarına çıxışı xeyli asanlaşıb. Bu isə onların yaşlarına uyğun olmayan, psixoloji inkişafına, mənəvi dəyərlərinə və tərbiyəsinə mənfi təsir göstərə biləcək məlumatlarla qarşılaşma riskini artırır. Belə halların qarşısının alınması zamanın tələbidir."

Ekspert hesab edir ki, uşaqların təhlükəsizliyinin təmin edilməsində valideynlərin rolu əsas olaraq qalır. Bununla yanaşı, dövlətin hüquqi tənzimləmələri gücləndirməsi də mühüm əhəmiyyət daşıyır:

"Valideyn nəzarəti hər zaman əsas amildir. Lakin dövlətin də bu istiqamətdə hüquqi çərçivə formalaşdırması və təhlükəsizlik mexanizmlərini gücləndirməsi müasir dövrün çağırışlarına uyğun yanaşmadır. İnanıram ki, qəbul edilən dəyişikliklər uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunmasına, onların sağlam inkişafına və mənəvi dəyərlərinin qorunmasına mühüm töhfə verəcək."

Mütəxəssislərin fikrincə, qəbul edilən dəyişikliklər yalnız sosial şəbəkələrdə fəaliyyətin hüquqi tənzimlənməsini gücləndirmir, həm də rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşmasına xidmət edir. Yeni qaydalar platformaların məsuliyyətini artırmaqla yanaşı, uşaqların internet mühitində hüquqlarının daha etibarlı qorunmasına şərait yaradacaq.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->