Xəbər lenti

Bunun üçün pul ayrılmalıdır, pul isə yoxdur... (MÜSAHİBƏ)
Ölkə 15:50 01.04.2022

Bunun üçün pul ayrılmalıdır, pul isə yoxdur... (MÜSAHİBƏ)

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə hazırlanıb)

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yeni bir tarixə qədəm qoyub. Tarixi qələbəmizdən sonra qarşımızda duran digər bir məsələ isə həm də informasiya savaşında düşməni üstələmək, ona qalib gələrək həqiqətləri dünyaya çatdırmaqdır. Məhz bu informasiya müharibəsinin getdiyi bir dönəmdə cəmiyyətimiz savadlanmalı, dünyagörüşünü artırılmalı və hərtərəfli informasiya ilə əhatələnərək bütün həmlələrə hazırlıqlı olmalıdır. Bunun üçün də müasir elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına ehtiyac var.
 
Bəs bu istiqamətdə hazırda hansı işlər görülür? İnsanların informasiya ilə təmin edilməsi üçün hazırlanan və təqdim edilən proqramlar informasiya müharibəsi dövründə bunu əlçatan edirmi? 
 
Qaynarinfo məsələni kultroloq Aydınxan Əbilov ilə müzakirə edib. 
 
Xalqa təqdim edilən proqramlar haqqında danışan kultroloq, bu proqramların səviyyəsi və hazırlanması qaydalarını, bu sahədə olan boşluqların səbəblərini açıqlayıb.
 
Aydınxan Əbilov ilə müsahibəmizi təqdim edirik:

- Azərbaycan Televiziyası, elektron informasiya vasitələri cəmiyyətin elektron və yaxud virtual siması, güzgüsüdür. Cəmiyyət nəyi tələb edirsə, kanallar, internet saytları və internet şəbəkə resursları onu hazırlayıb cəmiyyətə təqdim edir. Müstəqillik dönəmindən üzü bu yana bir tərəfdən SSRİ-in dağılması, rus-dilli məkanın Azərbaycanın əlaqədə olduğu, bütövlükdə mədəni-mühitin dağılması, əlaqələrin kəsilməsi, digər tərəfdən Ermənistanın Azərbaycanın torpaqlarını zəbt etməsi, müharibəyə başımızın qarışması, iqtisadi vəziyyətin ağır olması, yeni dövlət quruculuğunda baş verən hadisələr bizim intelektual sahələrimizə pis təsir etdi. Təhsilimiz sanki məhv oldu. Təhsilimizdə eksperiment keçirməyə başlanıldı, Boloniya sistemi, yenilənmiş təhsil modelləri gətirildi. Azərbaycan cəmiyyəti də bütün bunlara hazır deyildi. Boloniya sistemi Avropa təhsilli insanlar üçündür. Bu da özünü cəmiyyətin, ümumiyyətlə, intelektual, estetik səviyyəsinin aşağı düşməsinə böyük təkan verdi. Buna uyğun olaraq cəmiyyət artıq intelektual, səviyyəli verilişlər deyil, lağ-lağı edilən, vaxt keçirən, laqqırtı, yumor xarakterli, haylı-küylü verilişlərə meyilləndi. Eyni zamanda burada teleserialların da təsiri vardı, internet və sosial şəbəkələrin gəlməsi birbaşa televiziyalara mənfi təsir etdi. Bu da ona gətirib çıxartdı ki, Azərbaycan telekanalları dünya kanallarında gedən proseslərdən kənarda qaldılar.

- Bunun səbəbləri nədir? 
- Azərbaycanda çox az tamaşaçı kütləsi var. Kanallar var, tamaşaçısı yoxdur. Mədəniyyət kanalı, üstəlik mədəni, elmi-kütləvi və təhsil proqramları var, verilişlər də hazırlanır. Amma həmin verişlərə baxan tamaşaçı kütləsi həddindən artıq azdır. Üstəlik yeni nəsil gəlir. Yeni nəsil artıq dünyanın müxtəlif aparıcı dillərində, xüsusən də bizə qardaş ölkə olan Türkiyə türkcəsini, ingilis dili, rus dilini gözəl bilir. Onlar Azərbaycan televiziyalarının istehsal edə bilmədiyi, yaxud da istehsal etdiyi mövzularla digər xalqların dillərində olan telekanallardakı proqramlar vasitəsi ilə tanış olurlar. Biz postmodernizmlə bağlı verilişlərə axtarış edək. Azərbaycan dilində bizə nə gələcək? Zəif tərcümə olunuş hər hansı bir maraqlı şəxsin özünün düşüncəsinə aid olan səviyyədə hazırlanmış veriliş, yaxud yazılar... Ancaq həmin axtarışı biz ingilis-dilində, yaxud da fransız dilində axtarsaq, milyardlarla mənbə və kitablar, informasiyalar tapılır. Bu baxımdan da Azərbaycan telekanllarında intelektual və elm, təhsil, mədəniyyət, ümumiyyətlə, kulturoloji düşüncə ilə bağlı verilişlər, məhsullar çox azdır. Olanlar da xaricdən pis gündə tərcümə edilib. Ya da xaricilərdən kopyalanıb. Buna da Azərbaycan tamaşaçısı baxmaq istəmir. Birinci səbəb Azərbaycan tamaşaçısının azlığı, intelektual səviyyəsinin, təhsilin aşağı və yüksək zövqlü əsərlərə marağın az olması, ikinci səbəb isə telekanallarda potensialın olmamasıdır. Biz nə qədər desək ki, telekanallar maarifləndirici verilişlər hazırlamalıdır, amma unutmayaq ki, kampaniyalar həm də biznes strukturlarıdır, onlar işçilər saxlamalıdır, bu, verilişlərin montajından tutmuş tərcüməçisinə kimi təhlilə malik mütəxəssislərin tələb olunduğu sahədir. 

Bu şəxslər olmayan yerdə həmin verilişləri də hazırlayan olmayacaq. Bunun üçün pul ayrılmalıdır. Bu pul da yoxdur. Qəribədir, Azərbaycanda teleseriallara pul ayrıldı, ailə, nikahların pozulması, mafiozlarla bağlı mənasız seriallar çəkildi, amma intelektual, elmlə bağlı sahələrə heç bir dəstək görmədik. Buna uyğun olaraq televiziyaların da imkanları yoxdur. Söhbət özəl və müstəqil kanallardan gedir. Dövlət və İctimai Televiziyanın isə buna imkanı var. Amma nəyə görəsə onların bu sahədə vəziyyəti ürəkaçan deyil. Təsəvvür edin ki, AzTV-də müstəqil, öz fikri, düşüncəsi, təfəkkürü olan insanlara qadağa qoyulub. Məsələn, axırıncı dəfə AzTV-də nə vaxt çıxış etdiyim yadıma gəlmir. Halbuki biz müstəqil kanalların hamısında çıxışlar edirik. Müstəqil danışan, öz fikri, hətta yanlış fikiri olan ekspertlərin olmaması, yaxud da müstəqil ekspertlərə qadağalar qoyulması, bloklanması, verilişlərə çağırılmamasının əsas nəticəsi də odur ki, Azərbaycan kanallarında hazırlanan verilişlər sadəcə arxiv üçündür, heç kim onlara baxmır, eləcə, mənasız verilişlər yığınıdır. Ən zəif məhsul belə gələcəyin tarix arxivi üçün önəmlidir. Təsəvvür edin, biz Rəsulzadə, Axundov, Mirzə Cəlilin vizual formada obrazını tapa bilmirik. Yəni, çox az foto və videolar var. Vaxtında onlar çəkilsəydi, indi onlardan gen-bol istifadə edərdik. Bu baxımdan vəziyyət ürəkaçan deyil. Mən yaranmış yeni dövlət qurumuna üzümü tuturam, yanınıza ekspertlər dəvət edin, kulturolaqlar, analtik təfəkkürlü insanlar, yeni düşüncə tərzinə malik şəxsləri dəvət edib, onların fikirlərini öyrənin. Ekspert kimi onlara dövlət tərəfindən qonorar verilsin, sahələrinə aid verilişlər hazırlansın.

- Müasir düşüncəsi, təfəkkürü olan ekspertlərin elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasından kənarda saxlanılmasına səbəb nədir? 
- Bazar iqtisadiyyatıdır. Hər bir kanal istəyir ki, pulsuz ekspertlər dəvət eləsin. Ekspert gəlib fikirini söyləyir. Sonra sosial şəbəkələrdə onlar təhqir olunub, aşağılanır. Üstəlik də onlar başqa yerlərdə işləyir və efirə iş vaxtında gəlir. Onlar efirə gəlmək üçün bir neçə saat işdən ayrılmalıdır. Sovet dövründə də belə idi. Bu gün ekspertlərə qonorar verilməlidir. Qonarar alan ekspert özündə məsuliyyət daşıyır, sahənin kitablarını alır, öz üzərində işləyir, analizlərini, mülahizələrini həmin verilişdə tamaşaçı ilə bölüşür. Ərindən ayrılmış kim varsa, ailə, nikah üzrə ekspertdir. Fırıldaqçılar, məhkəmədən, polisdən rüşvət üstündə işdən qovulanlar vəkillik edirlər. Orta məktəb müəllimləri psixoloq ekspert kimi sırınırlar və sonra da biz onların qalmaqallı nəticələrini görürük. Səviyyəsiz, səsi olmayan müğənnilərə yer ayrılır, hacılardan birinin pulu ilə verilişlərə çıxırlar. Amma bir yazıçı, kulturoloq, mədəniyyət adamını ciddi verilişlərdə görməzsiniz. 

- Vəziyyətdən çıxış yolu nədir? 
- Ekspertlər və mütəxəsislər çatışmır. Eyni zamanda, Azərbaycanda tanınmış elm adamları var ki, qonorar almadıqlarına, efirlərdən kənarda qaldıqlarına görə əksəriyyəti bu ölkədən çıxıb gedib. Bunların ardı gəlmir, sabah bu boşluğu doldura bilməyəcəyik.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

--> -->