Ekonomiks 14:07 07.03.2020

Bütün pensiya, müavinət və təqaüdlər bu tarixədək ödəniləcək (RƏSMİ)

Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosiaı Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiru Fazil Talıbov məlumat verib.

F.Talıbov qeyd edib ki, bu ay üzrə bütün pensiya, müavinət və təqaüdlər Novruz bayramına qədər ödənəcək: "Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq. Pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb". 

Nazirlik rəsmisinin sözlərinə görə, növbəti iş günlərində bu proses digər bölgələr üzrə davam edəcək:

"Martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq. Həmçinin müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub".