Siyasət 18:20 26.07.2021

Üç ölkənin Bakı bəyannaməsi: münasibətlərdə xüsusi strateji xətt (ŞƏRH)

"Bu 3 ölkənin parlament rəhbərləri səviyyəsində birgə sənədin 44 günlük müharibədən sonra Azərbaycanın paytaxtında imzalanması xüsusi mənəvi məna kəsb edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Araz Aslanlı iyulun 27-də Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin görüşünü şərh edərkən deyib. Politoloqun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri tarixdən bu günə kimi xüsusi xarakterə malikdir:

"Amma 1991-ci ildən bu yana olan dövrdə Azərbaycanın xüsusi münasibətlərə malik olduğu bir digər dövlət var - Pakistan. Hansı ki, Azərbaycanın istisnasız bütün məsələlərində birmənalı olaraq Azərbaycanı dəstəkləyib. Bu, çox önəmli məqamdır. Türkiyə və Pakistan Azərbaycanın bütün məsələlərində birmənalı olaraq Azərbaycana dəstək verib. Azərbaycan da gücü çatan, mövqeyi əsaslı nəticə yarada biləcək məsələlərdə həm Türkiyəni, həm də Pakistanı dəstəkləyib”.
 
 

Politoloq Azərbaycan Türkiyə və Azərbaycan-Pakistan münasibətlərində xüsusi strateji bir xəttin olduğunu vurğulayb:

"Bunu indiyə kimi görmüşük. Bunu həm də 44 günlük Vətən müharibəsində gördük. Başqa dövlətlərlə də Azərbaycanın münasibətlərində prezidentlər və digər rəsmilər səviyyəsində bəzən münasibətlərdə strateji tərəfdaşlıq ifadəsi işlədilib. Amma biz 44 günlük müharibədə gördük ki, digər dövlətlər var ki, onlarla münasibətdə strateji tərəfdaşlıq ifadəsi işlədilir, onun içi dolu deyil. Türkiyə ilə Pakistanla münasibətlərdə içi dolu tərəfdaşlıq ifadəsi var. Türkiyənin və Pakistanın içində olduğu tərəfdaşlıq formatı tamamən fərqlidir”.

Politoloqun fikrincə, bəyannamə üçtərəfli münasibətlərin bundan sonrakı gedişatı ilə bağlı bir baza xarakteri daşıyır:

"Əminəm ki, bundan sonrakı mərhələdə Xarici İşlər Nazirləri səviyyəsində və daha sonra prezidentlər səviyyəsində bənzər sənədlər görəcəyik”.

Qeyd edək ki, iyulun 27-də Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır. Toplantının yekun sənədi olaraq "Bakı bəyannaməsi” imzalanacaq. 

Bahar Rüstəmli