Britaniyalı jurnalist Luiza Slayt Aralıq dənizinin mərkəzində yerləşən kiçik ada dövləti Maltada bir müddət yaşamaq qərarına gəlib. Lakin o, tezliklə başa düşüb ki, bu ada yalnız qısamüddətli tətil üçün idealdır, daimi yaşayış üçün isə bir sıra çətinliklər yaradır.
Qaynarinfo xəbər verir ki, "Business Insider" nəşrində dərc olunan məqaləsində Slayt yazır: "Ölkə, şübhəsiz ki, çox gözəldir, amma bir ay keçdikdən sonra anladım ki, bu, mənim üçün ömürlük ev deyil".
O, Maltanın turistlər üçün saysız-hesabsız üstünlüklərini qeyd edib: burada ingilis dili rəsmi statusa malikdir, il boyu hava isti olur, adada kristal kimi təmiz sulara malik çimərliklər və UNESCO siyahısına daxil edilmiş çoxsaylı tarixi abidələr yerləşir.
Buna baxmayaraq, jurnalist ölkənin gündəlik həyat üçün bir sıra ciddi çatışmazlıqlarını da vurğulayıb.
Birinci problem - həddindən artıq sıxlıq. Maltanın ümumi sahəsi cəmi 316 kvadrat kilometrdir (bu, demək olar ki, Xarkov şəhərinin ölçüsünə bərabərdir), lakin adada 500 mindən çox insan yaşayır. Üstəlik, hər il milyonlarla turist gəlir. Luiza qeyd edir ki, adam çoxluğu hər yerdədir və bu, gündəlik həyatda tez yorur.
İkinci problem - yaşıllığın azlığı. Təbii mənzərələri və geniş park sahələrini sevənlər üçün Maltanın yarımsəhra görünüşü bir müddət sonra sıxıcı və tükəndirici təsir bağışlayır.
Üçüncü problem - bahalı həyat tərzi. Slayt qeyd edir ki, pensiyada gəlirlərini optimal idarə etmək istəsə də, Maltadakı xərclər İrlandiya səviyyəsində yüksəkdir.
"Malta tətillər üçün möhtəşəm yerdir və başa düşürəm ki, niyə bir çox təqaüdçülər buranı seçirlər. Amma mən artıq bir neçə gün sonra hiss etdim ki, burada yaşamaq mənim üçün deyil. Hətta sonsuz günəş belə, kiçik adada hiss etdiyim klaustrofobiyanı azalda bilmədi", deyə Luiza Slayt yekunlaşdırıb.
Aydın
Şərhlər