XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı
Ölkə15:50 28.08.2026

Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı

Bakının Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançasında baş vermiş oğurluq hadisəsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Qaynarinfo iş materiallarına əsasən xəbər verir ki, təqsirləndirilən şəxslər Rəşad Əliyev (şərti), Elvin Məmmədov (şərti) və 2010-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan Murad Həsənov (şərti) 11 saylı cərimə meydançasında saxlanılan “Toyota Prius” markalı avtomobildən ehtiyat hissələrini oğurlamağı planlaşdırıblar.

Onlar gecə saatlarında cərimə meydançasının arxa hissəsinə gəliblər. Qrup üzvlərindən ikisi hasardan keçərək mühafizə olunan əraziyə daxil olub. Onlardan biri ətrafı müşahidə edərək mühafizəçinin gələcəyi halda digərini xəbərdar etməli, digəri isə özü ilə gətirdiyi alətlərlə avtomobilin ehtiyat hissələrini sökməli olub.

Oğurlanan əmlaklar arasında elektrik cərəyanı batareyaları, batareya bloku, batareya havalandırma borusu, batareya adapteri, inverter mühərriki, inverter pompası, ABS tormoz sistemi, elektrik kabel sistemi, radiatorlar, faralar, yan güzgülər, ön bufer, kapot, monitor, maqnitofon və digər ehtiyat hissələri olub.

İş materiallarına görə, həmin ehtiyat hissələrinin ümumi dəyəri 7 800 manat təşkil edib.

Bundan sonra qrup üzvləri həmin cərimə meydançasına yenidən daxil olaraq “Toyota Prius” markalı avtomobilin 180 manat dəyərində ön sağ qapısını da oğurlayıblar.

Nəticədə zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 7 980 manat məbləğində maddi ziyan vurulub.

Məhkəmənin hökmü ilə Elvin Məmmədov Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi (oğurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi), 177.2.2-ci maddəsi (oğurluğun təkrar törədilməsi), 177.2.3-cü maddəsi (oğurluğun yaşayış sahəsinə, habelə anbara və ya digər saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi) və 177.2.4-cü maddəsi (oğurluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi) ilə təqsirli bilinib.

Ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Məhkəmə onun həbsdə saxlanıldığı 1 il 1 ay 3 gün müddətini 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxıb və üzərində qəti olaraq 3 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Digər təqsirləndirilən Rəşad Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi (yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmə) ilə təqsirli bilinib və ona bu maddə üzrə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Rəşad Əliyev, həmçinin Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi (oğurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi), 177.2.3-cü maddəsi (saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq törədilməsi) və 177.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi) ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Məhkəmə Cinayət Məcəlləsinin 66.2-ci maddəsini (cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi) və 68.1.1-1-ci maddəsini (azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasına hesablanması) tətbiq edib.

Nəticədə Rəşad Əliyevə qəti olaraq 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

2010-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan Murad Həsənov isə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi (oğurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi), 177.2.2-ci maddəsi (oğurluğun təkrar törədilməsi), 177.2.3-cü maddəsi (saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq törədilməsi) və 177.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi) ilə təqsirli bilinib.

Onun barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Murad Həsənovun cinayət törətməkdə şübhəli şəxs qismində 2 gün tutulması da nəzərə alınıb. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə (həbsdə saxlanılan müddətin cəza müddətinə hesablanması) əsasən, həmin müddət ikiqat hesablanıb.

Nəticədə yetkinlik yaşına çatmayan şəxsin üzərində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid