Süni intellekt əsaslı alətlərin gündəlik həyatımıza sürətlə daxil olması, ünsiyyət tərzimizi də dəyişməyə başlayıb. ChatGPT artıq sadəcə bir söhbət botu deyil, həm yazı yazma vasitəsi, həm də axtarış mühərriki alternativi kimi geniş istifadə olunur. Onun yaratdığı mətnlərin təsiri isə artıq gündəlik dilə də sirayət edir. Son günlər sosial şəbəkələrdə və forumlarda müzakirə olunan bu tendensiyaya dair Almaniyada aparılan yeni bir araşdırma maraqlı bir sual doğurur: Bizi ChatGPT formalaşdırmır, əksinə, biz onu təqlid edirik?
Qaynarinfo xəbər verir ki, Almaniyanın Max Plank İnsan İnkişafı İnstitutunun tədqiqatçıları süni intellektin dil üzərindəki təsirini araşdırmaq üçün genişmiqyaslı bir analiz aparıblar. Nəticələrə görə, ChatGPT tərəfindən tez-tez istifadə olunan bəzi sözlər, insan nitqində də getdikcə daha çox görünməyə başlayıb. Məsələn, gündəlik danışıqda az-az işlənən "delve” (dərinliklərinə varmaq), "realm” (sfera, sahə) və "meticulous” (dəqiq, titiz) kimi sözlərin istifadəsində artım qeydə alınıb.
Tədqiqatçılar əvvəlcə ChatGPT modellərinə milyonlarla mətn təqdim edərək bu mətnlərin daha "dəqiq və səliqəli” bir dilə çevrilməsini istəyiblər. Daha sonra bu prosesdə süni intellektin ən çox istifadə etdiyi sözlər seçilib. Bu sözlərin, ChatGPT ictimaiyyətə təqdim edilməzdən əvvəl və sonra, "YouTube” videoları və podkast bölümləri kimi danışıq əsaslı mənbələrdə nə qədər istifadə olunduğu müqayisə olunub. Nəticələr göstərib ki, bu sözlərin tezliyində nəzərəçarpacaq artım var.
Tədqiqat zamanı elmi dəqiqlik qorunub: eyni mənanı verən alternativ sözlər, yazılı və şifahi mənbələrdəki fərqlər nəzərə alınıb. Bununla belə, "GPT sözləri” adlandırılan bu ifadələrin müasir ingilis danışıq dilində əvvəlkindən daha çox yer tutduğu məlum olub. Bu isə insanla süni intellekt arasında qarşılıqlı təsirə əsaslanan yeni bir dil dövriyyəsinin yarandığını göstərir.
Araşdırmanın müəlliflərindən Levin Brinkmann bu tendensiyanı belə izah edir: "İnsanlar təbiəti etibarilə bir-birini təqlid edir. Lakin kimi təqlid edəcəyimiz mövzusunda seçiciyik – adətən, məlumatlı, etibarlı və ya nüfuzlu hesab etdiyimiz şəxslərin dilini mənimsəyirik. Süni intellekt də getdikcə mədəni avtoritet kimi qəbul edilə bilər.”
Bununla belə, araşdırmanın müəyyən məhdudiyyətləri də var. İstifadə olunan məlumatların çoxu akademik mətnlərə əsaslanır və bu, gündəlik dil üzərindəki təsiri tam əhatə etməyə mane olur. Eyni zamanda, tədqiqat yalnız OpenAI-ın GPT-3.5 və GPT-4 modellərini əhatə edir. Gələcəkdə daha fərqli modellərin istifadəyə verilməsi ilə bu dil vərdişləri dəyişə bilər və bu günkü nəticələrin əhəmiyyəti məhdudlaşa bilər.
Aydın
Şərhlər