Süründürməçiliyə qarşı mübarizə aparan "Focus Friend" adlı yeni tətbiq ABŞ "App Store"da ən çox yüklənən pulsuz proqram olub və hətta ChatGPT-ni də arxada qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.
Tətbiqin ideyası sadədir: istifadəçi 5 dəqiqədən 120 dəqiqəyədək taymer qurur və həmin müddətdə yalnız öz tapşırıqlarına fokuslanır. Bu zaman telefondakı digər proqramlara giriş bloklanır. Əgər taymer vaxtından əvvəl dayandırılarsa, tətbiqdəki virtual dost – "Bob" adlı balaca qəhrəman – kədərlənir.
Sessiyaları uğurla başa vurduqda istifadəçilərə mükafatlar verilir. Onları "Bob" üçün mebel və müxtəlif əşyalar almağa sərf etmək olar ki, bu da onun "evini" daha rahat və gözəl edir.
Hazırda tətbiqin reytinqi 4.7 (5 bal üzərindən) təşkil edir və rəylərdə bir çox istifadəçi həqiqətən onlara kömək etdiyini yazır.
Ekspertlər bildirirlər ki, oxşar funksiya – digər proqramlara çıxışı məhdudlaşdırmaq – "iPhone"da "Ekran vaxtı" bölməsində mövcuddur. Lakin "Focus Friend" daha çox rəğbət qazanır, çünki o, 90–2000-ci illərin məşhur tamagoçi oyunlarını xatırladır və daha "sevimli" görünür.
"Focus Friend" tətbiqini "App Store" və "Google Play"dən pulsuz yükləmək mümkündür.
Aydın
Şərhlər