Xəbər lenti

Çin hələ
Murad KÖHNƏQALA
Ölkə 10:27 03.03.2025

Çin hələ "mikroskop altında" baxır

Yazıçı olanda nə olar, mən də öz siyasi intuisiyamın diqtəsini paylaşmaq istəyirəm. Bu yazımda bütün dünya gündəmini zəbt edən Tramp-Zelenski deyişməsi və bu olayın ətrafında öz versiyalarımla gəlişmələr etmək niyyətindəyəm. 

Başlayaq ondan ki, nə üçün Trampla Zelenski "evin sirrini” bütün dünyanın gözü qarşısında dartışdılar? Guya o boyda Ağ Evdə iki nəfərin söhbəti üçün qapalı bir otaq yox idimi? Demək, əvvəlcədən quraşdırılmış bu spektakl dünya ictimaiyətinə hesablanmışdı. Sən demə, kütlə üçün küt oyunlar oynamaq lazım imiş. 

Oyun belə getdi: guya Amerika yardım üçün ağız açan Zelenskinin sinəsindən geri itələdi. Həm də guya, Tramp  Amerikası heç də bu müharibənin tərəfdarı deyil, Zelenskidən sülhə getməyi tələb edir. Mən elə bilirdim adamlar bu məzhəkəyə inanmayacaqlar, heyhat, kütləvi şəkildə inanıldı! 
 
Ancaq Ukrayna üçün rahatsız olanlara deyirəm, qəti narahat olmayın, Trampın fikri öz nüfuzunu müvəqqəti  qurban verib Zelenskinin "blatını” qaldırmaq idi, bunu da balaca bir deyişmə ilə bacardı. 

Bu məsələnin Avropa ölkələri ilə də əvvəlcədən razılaşdırıldığı aydın göründü, görən gördü: bütün Avropa mütəşəkkil şəkildə Zelenskini gözləyirdi. Elə həmin gün Beynəlxalq Valyuta Fondu Ukraynaya 400 milyon dollarlıq yardım paketi ayırdı. Halbuki, bu cür yardımların ayrılması üçün müzakirələrə aylar, illər sərf edilirdi. Bu dəfə hiss olundu ki, proses çoxdan həll olunub, elə Zelenskinin bu üzə, Avropa tərəfə adlamasını gözləyirlər. Gecəynən də bütün Avropa ölkələrinin liderləri əyinlərində "finka” Ukraynanın yanında olmaları barədə bəyanat imzaladılar. 

Ağ Evdəki görüşün "skandal” kimi təqdim olunmasında məqsədlərdən biri də Avropanı müharibəyə "oyatmaq” idi. Çoxdan idi Tramp Avropa ölkələrini Ukraynaya minimal yardım etdiklərinə görə məsuliyətsizlikdə və xəsislikdə suçlayırdı. Hətta bir dəfə Tramp üzünü avropalılara tutub demişdi: "Bizim heç vecimizə də deyil, Rusiya ilə aramızda okeanımız var, siz öz başınızın çarəsini qılın!” 

Zelenski ilə görüşdə oynadığı rolla Tramp "yatan” avropalılara çatdırdı ki, Amerika doğrudan da Ukraynaya dəstəyini yığışdırsa siz Rusiya ilə üz-üzə qala bilməzsiniz, bir-bir məhv olarsınız.   
 
Heç kim düşünməsin ki, Amerika, yəni Tramp Zelenskinin arxasından qaçacaq. Qətiyyən yox! Əksinə, Tramp Zelenskini ikiqat dəstəkləməyə girişib, təki Ukrayna Rusiya ilə vuruşmaqdan imtina etməsin. İngilis üçün bu çox vacibdi: iki slavyan biri-birini nə qədər çox qırsa o qədər yaxşıdı. 

Prosesin gedişatı tezliklə çox gizlinləri üzə çıxaracaq. Ola bilsin, Çinin də Ukraynaya yaxınlaşması üçün ABŞ özünün kənarda olduğunu göstərməlidi. Ancaq Pekin hələ ki, bu müharibədə tərəfsiz görünməyə çalışır. 

Birbaşa hərbi yardım göstərməsə də Çin Qırmızı Xaç Cəmiyyəti Ukraynaya humanitar yardım göndərib. Bu yardım, eynən Azərbaycanın Ukraynaya yardımı kimi, ərzaq məhsulları, ilkin zəruri məhsullar və digər ləvazimatlardan ibarət olub. Bacardıqca neytral görünməyə çalışan Çin Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara da qoşulmayıb və Rusiya ilə iqtisadi əlaqələrini davam etdirməkdədi.

Dediyim kimi, siyasətçi deyiləm, bir yazıçı kimi düşünürəm ki, Çin Rusiya ilə dostluq münasibətini hələm-hələm pozmaz. Ancaq eyni zamanda, Rusiyanın Uzaq Şərqdəki torpaqlarına iddiası və ehtiyacı olan "cücü yeyən” Çin Rusiyanın çökməsini hiss eləsə pay qoparmaq naminə ABŞ-nin diqtəsi ilə hərəkətə keçə bilər.  

"Çoxuşaqlı” Çinin Rusiya torpaqlarına iddiası və ehtiyacı böyükdü. Təkcə birini deyim, Çin içməli su ehtiyatının böyük hissəsini Baykal gölündən çəkilmiş nəhəng xəttlə ödəyir. Lakin hiss olunan odur ki, Çin dünyada gedən proseslərə öz qıyıq gözü ilə "mikroskop altında” baxır. Lakin indilikdə Rusiyanın xammalı və bazarı bu ölkə üçün böyük əhəmiyət daşıyır. 

Gələk bu tərəfə, yenə deyirəm, ABŞ Ukraynaya açıq, yaxud gizlin yardımını heç vaxt dayandırmayacaq. Bir şərtlə ki, bu müharibədə nə Rusiya, nə də Ukrayna üstün olsun! Qüvvələr bərabər olmalıdır ki, qırğın çox olsun. 

O ki qaldı, Rusiyanın zəifləməsi, özünə çəkilməsi, mərkəzə qaçma təcili ilə parçalanmasına, bu, bütün türk dövlətləri üçün də göydəndüşmə olardı. 
Ancaq düşünürəm ki, "Ayının dərisinin” bölüşdürülməsinə hələ çox var... 

Murad Köhnəqala

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->