Tibet yaylasında aparılan arxeoloji qazıntılar zamanı qədim bir yazı aşkar edilib. Bu tapıntı, Çin tarixində ilk imperator sayılan Çın Şixuandi haqqında əfsanələri təsdiqləyir.
Qaynarinfo "IFLScience" portalına istinadən xəbər verir ki, yazıya görə, imperator özünün hakimiyyətinin 26-cı ilində (e.ə. 221-ci il) kimyagərləri ölümsüzlük iksirini tapmaq üçün səfərə göndərib.
Yazı, 4300 metrdən yüksəkdə yerləşən Gyarinq gölü yaxınlığında daş üzərində aşkar olunub. Orada belə qeyd edilib:
"26-cı idarəçilik ilində imperator Çın Şixuandi U Dafu İ və bir neçə kimyagəri Kunyun dağına iksir (yao) toplamaq üçün göndərdi”.
Daş 2020-ci ildə tapılsa da, onun orijinallığı yalnız bu yay Çin alimləri tərəfindən təsdiqlənib. Tədqiqatçı Çjao Çjaonun sözlərinə görə, müasir texnologiyalarla aparılan analizlər yazının həqiqətən də Çın sülaləsi dövründə hazırlandığını sübut edib. Daşın aşınma izləri isə onun saxtakarlıq olmadığını göstərib.
Bəzi alimlər isə şübhə ilə yanaşaraq, belə bir ekspedisiyanın 2000 ildən çox əvvəl bu qədər yüksək dağlara qalxa bilməsinin real olub-olmadığını sorğulayıblar. Bu səbəbdən Çin Mədəni İrs İdarəsi məsələni daha dərindən araşdırmaq üçün xüsusi elmi qrup yaradıb.
Əfsanələrə görə, imperatorun arzuladığı "ölümsüzlük iksiri” heç vaxt tapılmayıb. Maraqlıdır ki, Çın Şixuandi ömrünü uzatmaq üçün içdiyi civə tərkibli maddələrdən zəhərlənərək həyatını itirib.
Aydın
Şərhlər