"Co Baydenin prezident səlahiyyətlərinin icrasına başladığı tarixdən cəmi 40 gün ötsə də, Ağ Evin sahibi diqqət çəkici bəyanatları ilə yanaşı, artıq bir neçə ciddi addımı ilə Vaşinqtonun qətiyyətli və tərəddüdsüz xarici siyasət yürüdəcəyini göstərdi”.
Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli ABŞ-n yeni administrasiyasının xarici siyasət kursunu şərh edərkən deyib.
Onun sözlərinə görə, jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının 76 nəfər məmuruna qarşı ABŞ-ın sanksiya tətbiq etməsi yeni bir dövrün başlanğacı hesab oluna bilər:
"Belə görünür ki, Co Baydenin başlatdığı bu mərhələdə toxunulmazlar və imtiyazlılar olmayacaq. Çünki bu günə kimi Səudiyyə Ərəbistanının ünvanına sərt tənqidlərə belə yol verilirmirdi. İndi isə Səudiyyə Ərəbistanının 76 nəfər məmuruna qarşı sanksiya tətbiq olunur. Üstəlik, prezident Co Bayden Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əzizlə telefon danışığı zamanı jurnalist Camal Qaşıqçının qətlinə görə Ər-Riyadı məsuliyyə cəlb edəcəyi ilə bağlı xəbərdarlıq edib. Səudiyyə Ərəbistanının kralı ilə telefon danışığı haqqında "Univision” telekanalına açıqlama verən Co Bayden belə deyib: "Ötən gün kralla danışdım. Ona bildirdim ki, qaydalar dəyişib. İnsan hüquqlarının pozulmasına görə cavab verəcəklər”.
Vaşinqtonun xarici siyasətində qaydaların dəyişdiyini təsdiq edən ikinci hadisə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun "Putinin aşbazı” ləqəbi ilə tanınan rusiyalı oliqarx Yevqeni Priqojinlə bağlı axtarış elan etməsi və bu şəxsin həbsinə yardım edənə 250 min dollar mükafat vəd etməsidir. Rusiyalı politoqlar Priqojinlə bağlı ABŞ Ədliyyəsinin bu addımını birbaşa Putinə qarşı yönəlmiş addım hesab edirlər. Priqojin rəsmi şəxs olmasa da, Putinin bütün "qara işləri”ni məhz bu şəxsin vasitəçiliyi ilə həyata keçirdiyini nəzərə alanda, bu addım Rusiya prezidenti ilə bağlı ABŞ Ədliyyəsinin əlindəki dosyenin icraya yönəldildiyi kimi qiymətləndirilməlidir.
Qaydaların dəyişdiyini təsdiq edən üçüncü hadisə ABŞ Hərbi Hava Qüvvələrinə aid iki F-15 qırıcısının Suriya ərazisindəki doqquz obyekti tamamilə məhv etdikdən sonra prezident Co Baydenin Tehrana etdiyi xəbərdarlıqdır. "Ehtiyatlı olun. Sizin davranışlarınız cəzasız qalmayacaq”.
Bu üç hadisə qaydaların həqiqətən dəyişdiyini,Vaşinqtonun kökə və kötək siyasətində dəyişiklik baş verdiyini və kötəyin kökədən önə keçdiyini göstərir. Həm də kötəkdən sonra kökə olmaya da bilər”.
Orxan Həsənli
Şərhlər