Xəbər lenti

Cocuq Mərcanlıya 2-ci köç nə vaxt başlayacaq?
Ölkə 19:36 28.01.2018

Cocuq Mərcanlıya 2-ci köç nə vaxt başlayacaq?

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yenidənqurma işlərinin ikinci mərhələsi başa çatıb. Kəndə ikinci köçün 2017-ci ilin sonunda reallaşdırılacağı açıqlansa da, hələlik proses dayandırılıb. 

Bu barədə modern.az-a məlumat verən Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov deyib ki, artıq kəndə köçürüləcək ailələrin siyahısı da hazırdır: 

"Kənd öz sakinlərini gözləyir. Ötən ilin dekabrında açılış olacaqdı. Amma müəyyən səbəblərdən, xüsusilə də hava şəraitilə bağlı açılış olmadı. Ümid edirik ki, yaxın vaxtlarda sakinlər öz yurdlarına qayıdacaqlar”. 

X.Zeynalov bildirib ki, ilkin olaraq, əsasən Bakı və Bakıətrafı qəsəbələrdə, yarımçıq tikililərdə, uşaq bağçalarında, məktəblərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. 

Qəsəbədə 100 ev, poçt binası, icra nümayəndəliyinin inzibati binası, xəstəxana, uşaq bağçası hazır vəziyyətə gətirilib, işıq, qaz, su xətti çəkilib”.

Qeyd edək ki, ilkin mərhələdə 10 hektar ərazidə tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9,0 (doqquz) milyon manat ayrılmasıilə bağlı sərəncam imzalayıb.

Növbəti mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->