Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mingəçevir şəhər şöbəsində aparılmış auditin nəticələrini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, Hesablama Palatasının Kollegiyası 1 yanvar 2016-cı il -1 iyul 2017-ci il dövründə DSMF-nin Mingəçevir şəhər şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri ilə bağlı hesabatı müzakirə edərək təsdiq edib.
Təqdim edilmiş məlumatlara əsasən, 2016-cı ildə təsdiq edilmiş 8015,5 min manat həcmində proqnoza qarşı Şöbə tərəfindən 6663,9 min manat vəsait yığılıb, proqnoz 83,1% səviyyəsində icra edilib. Audit olunan dövrdə yeni pensiya təyinatlarının 102 ədədi (6,2%-i) üzrə sığorta stajı məhkəmə tərəfindən müəyyən olunub, 138 pensiya işi üzrə (8,4%-i) pensiya təyinatı öhdəliyi Şəki İnzibati-İqtisad Məhkəməsi tərəfindən Şöbəyə həvalə olunub, 8 pensiya işi üzrə pensiya hüququna Apellyasiya məhkəməsi tərəfindən baxılıb. Şöbə tərəfindən pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib. 2016-cı ilin oktyabr ayınadək ərizələrin qeydiyyatı jurnalında pensiya təyinatı üçün müraciət edən şəxslərin müraciət etdiyi gündə deyil, pensiya təyin edən komissiyanın qərarının qəbul olunduğu tarixdə qeydiyyatdan keçirilib. Bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, güzəştli iş stajına görə yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.
Araşdırma zamanı müəyyən edilib ki, 2016-cı ildə və 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) tərəfindən heç bir əməkdaşa müayinə barədə tapşırıq göndərilməyib, Şöbədə heç bir işçinin gücləndirilmiş elektron imzası aktiv olmayıb, bütün təyinatlar ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmədən aparılıb. Auditin gedişində seçmə qaydada monitorinqlər təşkil edilib, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara da rast gəlinib.
Hesablama Palatasının Fondun Mingəçevir şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. Qərar icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə DSMF-nin Mİngəçevir şöbəsinə müvafiq təqdimat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə Kollegiya Qərarının surəti göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Şərhlər