Əsgər yoldaşlarını döyən, onlara qarşı seksual xarakterli hərəkətlər edənə 5 il 6 ay cəza verildi
Gəncə Hərbi Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Şəmistan Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb."Gündəlik Teleqraf" qəzeti xəbər verir ki, ittihama görə, Ş. Bağırov Müdafiə Nazirliyinin Gədəbəy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 2-ci tağımının 3-cü manqasında atıcı vəzifəsində xidmətdə olarkən seksual xarakterli hərəkətlər etmə, hədə-qorxu yolu ilə tələb etmə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri törədib.
O, 2011-ci il oktyabrın 8-də, saat 16-17 radələrində tağım komandiri odun doğranılmasını ona tapşırdığı halda, bu işi görməyi xidmət etdiyi manqanın əsgəri K. Q.-dən tələb edib. K. Q. odunun doğranılmasının Şəmistana tapşırıldığını bildirərək tələbi yerinə yetirməkdən imtina edib. O, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq K. Q.-dəni xidmətdə olduğu manqanın yerləşdiyi şərti olaraq “Şorax” adlanan döyüş postunun ərazisindəki ayaqyolunun yanına apararaq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə 4-5 zərbə vurub.
Əvvəl belini ovdurub, sonra cinsi əlaqədə olub
Bundan başqa, Ş. Bağırov həmin il oktyabrın 11-də, saat 10 radələrində xidmətdə olduğu manqanın sığınacağında K. Q.-yə yumurta bişirmək əmri verib. Lakin K. Q. onun tapşırığını yerinə yetirməkdən imtina edib, Şəmistan çalınmış yumurtanı yerə dağıtdığı üçün yumruq və təpiklə əsgər K. Q.-nin bədəninin müxtəlif nahiyələrinə 2-3 zərbə, sığınacaqda olan kətillə böyrəküstü nahiyəsinə də zərbələr vurub.
Ş. Bağırov dekabrın 24-də, saat 04:15 radələrində onunla eyni manqada qumbaraatan vəzifəsində xidmət edən əsgər Q. A.-i manqanın əsgər yataqxanasında yanına çağıraraq ona əvvəlcə belini ovdurub. Sonra əsgərdən yanında yatmasını tələb edib. Q. A. fiziki cəhətdən ondan daha güclü olan Şəmistandan qorxduğundan onun yanında yatmağa razı olub. Q. A. yuxuya getdikdən sonra Şəmistan ona qarşı ehtiraslı hərəkət edərək qucaqlayıb. Q. A. müqavimət göstərməyə başladıqda ona qarşı zor tətbiq edib. Şəmistan əsgər yoldaşını döyərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Cinsi əlaqədə olduğu əsgərə hədə-qorxu gəldi...
Ş. Bağırov bu qanunsuz hərəkətləri ilə kifayətlənməyib. Dekabrın 24-də, saat 5 radələrində Q. A.-yə qarşı etdiyi seksual xarakterli zorakı hərəkətləri barədə əsgər yoldaşlarına və valideynlərinə bildirəcəyi ilə hədələyərək bunu etməməsinin müqabilində ondan bir ədəd “Nokia 1202” markalı mobil telefon, 3 paçka “Sobraniye” siqareti və 10 manatlıq “Sim-Sim” danışıq konturu tələb edib. Həmin gün saat 16:54 radələrində barəsində rüsvayedici məlumatların yayılmaması üçün Q. A. zəng edərək atası F. A.-dən aldığı 10 manatlıq danışıq konturunu Şəmistanın istifadə etdiyi mobil telefon nömrəsinə yükləyib.
Gecə yarı zorakılıq
Ş. Bağırov dekabrın 25-də, gecə saat 03:15 radələrində manqanın əsgər yataqxanasında Q. A.-i yenidən yanına çağıraraq belini ovdurub, sonra yanında yatmasını tapşırıb. Q. A. bundan imtina edəndə Şəmistanın zorakılığı ilə üzləşib, onun qolunu dişləyib. Bundan sonra Q. A. onun yanında yatmağa razılaşıb və azğın Şəmistan əsgər yoldaşı ilə cinsi əlaqədə olub. Ertəsi gün isə gecə baş verənləri xatırladıb hədə-qorxu gəlməklə pul alıb.
Məhkəmədə ifadə verən Ş. Bağırov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, heç vaxt əsgər Q. A.-ə qarşı zor tətbiq etməklə seksual xarakterli hərəkətlərə yol verməyib. Onun sözlərinə görə, Q. A.-dan mobil telefon, 3 ədəd “Sobraniye” siqareti və 10 manatlıq danışıq konturu da tələb etməyib.
Zərərçəkən qismində ifadə verən Q. A. isə Ş.Bağırovdan qorxduğu üçün bütün tələblərini yerinə yetirdiyini bildirib.
“Cinsi zorakılığa məruz qaldığım üçün özümü öldürmək istəyirdim”
Zərərçəkən sonra ifadəsində qeyd edib ki, Ş. Bağırov onunla zorakılıq yolu ilə cinsi əlaqədə olub: “Şəmistan zorakılıq yolu ilə mənimlə cinsi əlaqədə olandan sonra hədə-qorxu gəldi ki, bu barədə heç kimə danışmamağım üçün atamın canına and içdirdi. Hətta cinsi zorakılığa məruz qaldığım üçün özümü öldürməyəcəyimə görə məndən söz aldı. Ayın 26-da mənə yaxınlaşaraq gecə etdiyi hərəkətlərdən inciyib-incimədiyimi soruşdu. Şəmistana nifrət etdiyimi dedim. O, cavab olaraq cavanlıq etdiyini və hərbi xidmətdə belə halların olduğunu bildirdi”.
“Dedi ki, mənə borclusan”
Zərərçəkmiş həmçinin ifadəsində bildirib ki, ertəsi gün Şəmistan Bağırov gecə yarı onu yuxudan oyadaraq belini ovmasını istəyib: “Onun bu istəyindən imtina etdim. Bu zaman Şəmistan qolumdan dişlədi. Ona telefon borclu olduğumu və verməyəcəyi təqdirdə baş vermiş hadisə barədə əsgər yoldaşlarıma deyəcəyini xatırlatdı. Bu səbəbdən Şəmistanın kürəyini ovmağa başladım”.
Onun sözlərinə görə, sonradan əsgər yoldaşları onun Şəmistan tərəfindən zorlandığını xəbər tutub və nəticədə özü hər şeyi komandirə danışıb.
Məhkəmənin hökmü ilə Ş. Bağırov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər