Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda ittiham olunan Rusiya vətəndaşı, Dağıstan sakini, 36 yaşlı Nurmaqomed Karanaevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Qaynarinfo virtualaz.org-un xəbərinə görə, ötən il yanvarın 19-da İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına gül kələmi aparan Nurmaqomed Karanaevin idarə etdiyi "Volvo FN 12” markalı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin içərisindəki çantadan gömrük nəzarətinə bəyan edilməyən 29 milyon 980 min rubl aşkar edilib.
Faktla bağlı N.Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, Yasamal rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Nurmaqomed Karanaev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində ailəsi ilə birgə Dağıstan Respublikasının Qarabudaqkənd rayonunda yaşadığını deyib. Bildirib ki, "Best Mejdunarodnıe perevozki” yük daşıma şirkətində sürücü işləyib, dəfələrlə Azərbaycan ərazisindən keçməklə İrana yük daşıyıb. Və İrandan maşına yük vurub Rusiyaya apardığını deyib.
Nurmaqomed sonuncu dəfə ötən il yanvarın 11-də adıçəkilən şirkətə məxsus yük maşını ilə Dağıstandan Azərbaycana yola düşüb. Yükü boş şüşə bankalar olub. Həmin bankaları Biləsuvar şəhərinə gətirib. Təhvil-təslim işləri qurtardıqdan sonra şirkətin təlimatına əsasən yük götürmək üçün İranın Astara şəhərinə yola düşüb. "Pəyanə” terminalında avtomobilə gül kələmi yüklənib. Və nə baş veribsə bundan sonra baş verib.
"Yükü Moskva şəhərinə çatrırmalıydım. Yanvarın 17-də Astara Gömrük keçidindən keçib Azərbaycana daxil oldum. Avtomobili birbaş "Samur” gömrük postuna sürdüm. Postun ərazisinə çatmamış əmim Umar Rusiyadan zəng vurub dedi ki, gömrükdə bir nəfər sənə yaxınlaşacaq, bir neçə çanta, əşya və bir az da pul verəcək. Həmin əşyalar Rusiyada sahibinə çatmalıdır”-dağıstanlı TIR sürücüsü deyir.
N.Karanaevin ifadəsinə görə, gömrükdə avtomobili rentgen aparatından keçirdikdən sonra bir nəfər ona yaxınlaşaraq əmisinin dediyi adam olduğunu bildirib. Ona dörd ədəd çanta verib, içərisində pal-paltar, bir az da pul olduğunu deyib.
"Mən yetim böyümüşəm, əmim Umar mənə atalıq edib. Onun sözü və tapşırığı mənim üçün qanundur. Ona görə də etiraz etmədim. Həmin adamın adını da soruşmadım. Xarici görkəmindən dağıstanlıya oxşayırdı. Çantaları qəbul etdim. Çantanın birində pul olduğunu bilirdim. Lakin həmin pulun həddindən artıq olmasını düşünmürdüm. Ona görə də pulu bəyan etməyi lazım bilmədim. Çünki dəfələrlə bu yolu keçib getdiyim üçün xərclik pullarımı bəyan etməmişəm. Üzərimdə həmişə 1000-2000 dollar pul olub. Bu pula görə heç kim heç vaxt məni saxlamayıb”-həbs olunmuş sürücü bildirib.
Nurmaqomed savadsız olduğunu, ancaq 10 min dollara qədər məbləğin bəyan olunmasına ehtiyacın olmadığını, bundan artığının isə gömrükdə bəyan edilməli oduğunubilmədiyini deyən N.Karanaev deyib ki, əslində onun heç vaxt 30 milyon rubl pulu olmamışdı. Ona görə də çantadakı pulun məbləği barədə düşünmək heç ağlına da gəlməyib.
"Çantaları gizlətmək fikrim də olmayıb. Əgər pulu gizli keçirmək fikrim olsaydı onu maşının müəyyən yerlərindən gizlətməyə cəhd edərdim. Mən gözləmirdim ki, çantadakı pullar qaçaq mal kimi qəbul olunar. Posta daxil olanda gömrük əməkdaşları şəxsi əşyalarımın olub-olmadığını soruşdular. Dedim ki, salonda içərisində geyim əşyaları olan dörd çanta var”-o ifadəsində deyib.
Gömrük əməkdaşları avtomobilin salonundakı çantalara N.Karanaevin və hal şahidlərinin iştirakı ilə baxış keçiriblər. Çantalardan birinin - nisbətən daha ağır olanın içərisindəki geyim əşyalarının altından böyük məbləğdə rus pulları aşkarlanıb. Külli miqdarda pulları görən N.Karanaev həyacanlanıb, gömrükçülərə çantada bu qədər pulun olduğunu bilmədiyimi deyib. Lakin ona "artıq gecdir” deyiblər və pulun aşkar olunmasına dair protokol tərtib ediblər.
"Pullar sayıldı. 30 milyon rubla yaxın məbləğ idi. Həbs olunduqdan sonra cəmisi bircə dəfə əmimlə telefonla danışmağa şərait yaradılıb. Hazırda əmim Dağıstandadır. Məhkəmədən xahiş edirəm əmim məhkəməyə dəvət olunsun, bu işə aydınlıq gətirsin”-Nurmaqomed bildirib.
Məhkəmə prosesi davam edir.
Şərhlər