"Prosesin gedişi və verilən bəyanatlar, o cümlədən Paşinyanın son açıqlaması onu göstərir ki, tərəflər sülh sazişi imzalamağa hazır deyillər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Bakının Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 20 noyabr Vaşinqton görüşündən imtina etməsini şərh edərkən deyib.
Mehman Əliyev vurğulayıb ki, vasitəçilər də heç nə edə bilmir:
"Formal olaraq görüşün keçirilməsi və bu zaman heç nə əldə edilməməsi mənasızdır. Ona görə də görüşün təşkili onlar üçün məna kəsb etmir. Əslində, Bakının Vaşinqton görüşündən imtina etməsinin, Brüssel görüşünün də baş tutmamasının arxasında məhz bu amil dayanır. Fikrimcə, ilin sonuna qədər tərəflər arasında heç bir razılıq əldə olunmayacaq".
Siyasi şərhçi hesab edir ki, sülh prosesi gələn ilə qalır:
"Bir aydan sonra Qərbdə yeni il tədbirlərinə start verilir. Odur ki, ilin sonuna qədər sülh prosesi məsələsində nəsə gözləmək olmaz".
Həmsöhbətimiz deyib ki, 19-20 sentyabr prosesindən sonra yaranmış yeni situasiyada danışıqların baş tutması üçün yeni təkliflər olmalıdır:
"Status-kvo bəllidir. Ermənilər Azərbaycanın Qarabağ bölgəsindən könüllü olaraq çıxıblar. Artıq sülh sazişi ancaq Azərbaycan və Ermənistan münasibətlərinə aiddir. Yəni, burada əvvəlki kimi Qarabağın statusu, gələcəyi məsələsi artıq gündəmdə yoxdur. Bu da 19 sentyabrdan sonra yaranan yeni situasiyadır. Yeni vəziyyət və yeni təkliflər məsələsini qısa müddətdə tərəflər hazırlaya bilməyib, ziddiyyətlər var. Ona görə də hələ ki, danışıqlar alınmır. Bu səbəbdən ABŞ görüşünün keçirilməməsi barədə qərar verirlər. Onu hansı formada vermələri isə başqa məsələdir. Tərəflər sazişin yenidən işlənməsi, təkliflərin verilməsi prosesindədir. Ona görə də məsələ uzanacaq”.
Ekspert mövcud vəziyyətdə Moskva görüşünün baş tuta biləcəyini istisna etməsə də, burada nəyinsə əldə ediləcəyini gözləmir:
"Moskva da saziş üzərində işlədiyini bəyan edir. Yalnız erməni icmasının geri qayıtması məsələsi ortada ola bilər. O isə artıq ermənilərin verəcəyi könüllü qərar olacaq. Mövcud vəziyyətdə Moskva görüşü reallaşsa da, nəsə olacağını düşünmürəm. Kreml üçün nəticə vacib deyil. Onun üçün daha çox belə görüşlərin keçirilməsi və Moskvanın bu məsələdə vasitəçi kimi rolunu təsdiqləmək daha maraqlıdır. Görüşlərin Moskvada və yaxud Tiflisdə keçirilməsi mümkün ola bilər”.
Qeyd edək ki, Azərbaycan tərəfi 20 noyabrda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşiqnton görüşündən imtina edib. Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində göstərilir ki, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər:
"Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir".
Rüfət Sultan
Şərhlər