"Fransa və Ermənistan məhz Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini arzulamadıqlarından "dəhliz” termininin işlədilməsinə qarşı çıxırlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Fransanın Ermənistandakı səfiri Conatan Lakotun Parisin regional nəqliyyat dəhlizlərinin açılmasında maraqlı olduğunu deməsinə rəğmən, Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizini məhz dəhliz adlandırılmasına qarşı çıxmasına münasibət bildirərkən deyib. Politoloq deyib ki, Rusiya isə öz marağı naminə belə bir dəhlizin olmasında maraqlıdır:
"Azərbaycanın məcburən razı olduğu Laçın dəhlizi hazırda bildiyiniz kimi, rusların nəzarəti altındadır. Azərbaycan Gömrüyü və sərhədçiləri orada nəzarəti həyata keçirə bilmir. O dəhlizdən istifadə edərək istənilən şəxs Qarabağa və ya əks istiqamətdə daxil olur. Azərbaycan da istəyir ki, Zəngəzurda da belə dəhliz olsun. Bunu həmin dəhlizə nəzarəti ələ keçirmək üçün Rusiya da istəyir. Amma Ermənistan bunun əleyhinədir. Fransa da İrəvanın mövqeyini dəstəkləyir. İrəvan Zəngəzurdan dəmir yolu, şose yolunun çəkilməsi və yüklərin Azərbaycandan Naxçıvana və əks istiqamətdə getməsinin əleyhinə deyil.
Amma həmin yolun dəhliz statusu almasına qarşıdır. Çünki dəhliz statusunda olsa, bu o demək olacaq ki, İrəvanla Moskva arasında bağlanacaq müqaviləyə əsasən, şimal ölkəsinin Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları həmin dəhlizə nəzarət edəcək və Ermənistan qoşunları, Gömrük və sərhəd xidmətləri bura daxil ola bilməyəcək. Yəni bu ərazi bununla eksteritorial, yəni Rusiyanın dəhlizi olur”.
Ekspert qeyd edib ki, prinsip etibarı ilə Qarabağ məsələsi həllini tapsa, Azərbaycanla Ermənistan arasında heç bir ziddiyyət olmayacaq, normal münasibətlər yaranacaq və belə olan halda heç bir dəhliz söhbəti də olmayacaq:
"Dəhliz söhbəti olmadığı halda isə Rusiyanın burada olmasına da ehtiyac qalmayacaq. Bu halda Moskva Bakı və İrəvanla əmr dilində danışa bilməyəcək. Kreml isə bunu istəmir. Ona görə də iki qonşu xalq arasında inamsızlığın, düşmənçiliyin qalması, dəhlizlərin olması ilk növbədə Rusiyanın marağındadır”.
Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot "Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bir neçə qalmaqallı tezislə çıxış edib. O, Qarabağın statusunun həll olunmadığını söyləməklə yanaşı, bildirib ki, status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa səfər edə bilər. Ölkəsinin regional nəqliyyat dəhlizlərinin açılmasında maraqlı olduğunu əlavə edən səfir bununla belə, Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizini məhz dəhliz adlandırılmasına qarşı çıxıb.
"Dəhliz” terminindən imtina olunmalıdır", - deyə səfir bildirib.
Rüfət Sultan
Şərhlər