Dəm qazından qorunmaq üçün nələrə riayət olunmalıdır? (Ekspert rəyi)

Dəm qazından qorunmaq üçün nələrə riayət olunmalıdır? (Ekspert rəyi)

Hər il qış aylarında dəm qazından zəhərlənmələr qeydə alınır. Faciədən qurtulmaq üçün kifayət qədər maarifləndirici məlumatlar yayılsa da, bədbəxt hadisələr baş verməkdə davam edir.

Bəs dəm qazı nədir və əhali dəm qazından qorunmaq üçün nələrə diqqət etməlidir?

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov "Report"a bildirib ki, dəm qazı yanma məhsullarının qeyri-natamam yanmasından yaranır: "Qeyri-natamam yanma nəticəsində karbon 4 oksid əvəzinə karbon 2 oksid (monoksid) əmələ gəlir. Karbon 4 oksid ziyansızdır, amma karbon monoksid zəhərlidir. Yəni yanmada zəhərsiz qaz ayrılmaq əvəzinə, zəhərli qaz yaranır. 1 kubmetr qazın yanması üçün, 9.5 kubmetr hava lazımdır. Bu hava proporsiyası pozulanda dəm qazı əmələ gəlir”.

O bildirib ki, dəm qazı tüstü bacaları nasazlığından, su qızdırıcılarının normativlərə uyğun yerlərdə quraşdırılmamasından, vintilasiya kanalının işləməməsindən yaranır.

Bəs əhali dəm qazından qorunmaq üçün nələrə diqqət etməlidir?

"Tüstü bacaları yoxlanılmalı, vanna otaqlarının havalandırılmasına diqqət edilməlidir"
 
Ekspert isitmə cihazlarına diqqət edilməsini, tüstü bacalarının mütəmadi yoxlanılmasını, özəl cihazların quraşdırılmasını, həmçinin vanna otaqlarının havalandırılmasına xüsusi fikir verilməsini vacib sayır.

Ekspert bu məsələdə isitmə cihazlarının istismar müddətinə önəm verilməsini vurğulayıb: "Bildiyiniz kimi, hər bir cihazın istismar müddəti var. Bu dördgözlü sobalarda 20 il, su qızdırıcılarında isə 10 ildir. Bu müddət bitdikdən sonra mütləq bu cihazlar dəyişdirilməlidir. Amma elə su qızdırıcılar var ki, Sovet dövründən indiyə kimi işləyir. Onların dəyişdirilməsi vacibdir”.

N.Qasımov tüstü bacalarının da ildə iki dəfə yoxlanılmasının vacibliyini qeyd edib. O, insanları da daha diqqətli və məsuliyyətli olmağa çağırıb. Bu mənada N.Qasımov dəm qazını müəyyənləşdirən xüsusi cihazlardan istifadəni də tövsiyə edir: "Bir çox ölkədə monoksid adlı cihaz istifadə olunur. Adi marketlərdə satılan bu cihaz dəm qazının mövcudluğunu qeyd edir və səs siqnalı çalır. Bundan başqa, santexnika mağazalarında satılan detektor cihazı var, qiyməti 35 manat civarındadır. Bu cihazı quraşdırdıqda bütün karbohidrogenlərin, etan, metan, propan, benzin, spirt buxarı ekrana dəyəndə cihaz həm siqnal çalır, həm də elektromaqnit dalğaları göndərir. Bu dalğalar sayğacdan əvvəldə yerləşən klapanla qazın yolunu bağlayır və təhlükəsizliyi təmin edir. Təəssüf ki, bizdə belə cihazları quraşdırmağa meyil yoxdur”.

N.Qasımov vanna otaqlarının havalandırılmasına diqqət edilməsini də tövsiyə edir: "Vanna otaqlarında qapıların aşağı hissəsində deşiklər olmalıdır. Bu, təmiz havanın daxil olmasına, yanmaya kömək edir. Bundan başqa, pəncərə gözlüyü daim açıq olmalıdır. Çünki təmiz hava olmayanda, hava karbon monoksidlə dolanda və xaric olmadıqda içəridəki monoksidlə nəfəs almaq konsentrasiyadan asılı olaraq 7 dəqiqədən 30 dəqiqəyə qədər müddətdə insanın həyatına son qoyur. Buna görə də vanna otağının havalandırılması vacibdir”. 

XƏBƏRLƏR
BLOGLAR