Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılan ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
Qaynarinfo-nun məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə həftədə 3 saat televiziyada, 3 saatda radioda olmaqla ümumlikdə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq. O bildirib ki, həftədə 3 dəfə nəzərdə tutulan efir vaxtının hər mərhələsi 1 saat olacaq.
MSK sədrinin müavini qeyd edib ki, efirdə şəxsiyyəti alçaldan çıxışlar etmək yolverilməzdir.
Sonra püşkatma keçirilib, nəticəyə əsasən, İTV-də prezidentliyə namizədlərin çıxışları üçün ardıcıllıq belə olacaq: 1-ci Zahid Oruc, 2-ci Araz Əlizadə, 3-cü Qüdrət Həsənquliyev, 4-cü İlham Əliyev, 5-ci Razi Nurullayev, 6-cı Sərdar Cəlaloğlu (Məmmədov), 7-ci Fərəc Quliyev, 8-ci Hafiz Hacıyev. Çıxışların hər biri 7 dəqiqə 30 saniyə olacaq.
İctimai televiziyadakı debatlar saat 22:00-da, radioda isə saat 19:00-da olacaq.
Şərhlər