Günay İlqarqızı

Blogger
Yazılar
9
Deputat kirayədə necə yaşasın? – Yol xəritəsi

Deputat kirayədə necə yaşasın? – Yol xəritəsi

Günay İlqarqızı

Xatırlayırsınızmı, bir neçə il öncə indiki deputat, keçmiş prezidentliyə namizəd Razi Nurullayev hələ onda unikal bir təkliflə çıxış etmişdi.

Çox hörmətli deputat demişdi ki, prezident seçilsəm, ölkədə bir dənə də "yurdda qalan” və yaxud deputatın diliylə desək, "evdə qalmış" qız qalmayacaq. Hamısını evləndirəcəyəm.

Təklif yaxşı idi e, nətəhər deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa... Di gəl, işin mexanizmini açıqlamamışdı. 

Sonralar isə bu məlum müəllim deputat seçildi və bu dəfə cənazələri az qala komadan, utanaraq, xəcalət çəkərək deyirəm - ev deyil, tövlədən çıxan 7 şəhid verdiyimiz gün daha fərqli bir təkliflə çıxış etdi... Maaşı 2000-dən 4000 minə kimi, ancaq "evsiz olan” deputatlara 2006-cu ildən 220 manat olaraq müəyyən edilən kirayə pulu artırılsın. 

Nətəhər yəni? Yaxşı eşitmədiniz? Yox, hamı kimi siz də, mən də yaxşı eşitdik. 

Əvvəl xalq üçün qeyri-adi təkliflər hazırlayan Razi bəy, indi ancaq özlərini düşünür. 

Həm də təkrar edirəm: bu təklifi xalq 7 şəhid verdiyi gün edir. Əsas dərdimiz dərdi evdə qalan qızlar olan evsiz deputatlar olur. 

Hə də... İndi deyirsiniz, bizim deputatlarımız evsiz qalsın?! 

Cavan ailələr evsiz qalsa olar, analar uşaq pulu almasa olar, ölkədə işsiz gənclərin sayı günü-gündən artsa olar... Amma yetər ki, o deputatların ev işi həll olunsun. 

Ayıbdı axı, bu boyda Azərbaycanın bu boyda deputatlarının kirayədə yaşamağı doğru deyil. 

Cənab Razi Nurullayev, mənim - bir evsiz Azərbaycan gənci, uşaqpulu ala bilməyən, sabaha əsgər böyüdən bir ana kimi daha yaxşı təklifim var.

Siz evsiz deputatların konkret siyahısını tutursunuz, biz də xalq olaraq adama bir manatdan toplayıb sizə ev alırıq. 

"Nətəhər yəni”, - dediyinizi eşitmiş kimi oldum...

Deyim də... Növbəti iclasda təklif edərsiniz:

"Biz burda oturan cənablar xalq üçün "çox böyük işlər” görürük. Xalq da bizim əziyyətimizi qiymətləndirməlidir”.

Biz də xalq olaraq bu təklifi nəzərə alacağıq, mütləq alacağıq...

Nətəhər yəni, indi deyirsiniz, qızlar evdə qalsın, sizin boyda adamlar evdə qalmasın?.. 

OXŞAR XƏBƏRLƏR

X