Deputat: Milli maraqlarımızın əleyhinə işləyə biləcək operativlik heç kəsə lazım deyil

Deputat: Milli maraqlarımızın əleyhinə işləyə biləcək operativlik heç kəsə lazım deyil

"Postmodernist cəmiyyətlər ona görə informasiya cəmiyyətləri adlandırılır ki, belə cəmiyyətlərdə informasiya imperativ mövqe tutur. Yəni yumşaq güc vasitəsi kimi çıxış edir, hadisələri ictimai rəyə təqdim yox, diqtə edir. Beləliklə də informasiya ilə bağlı hər hansı boşluq, yaxud qeyri-dəqiqlik obyektiv gerçəkliyi tamamilə alt-üst edir, onun yanılış qavranılmasını şərtləndirir. Bu barədə çox danışılsa da, təəssüf ki, son helikopter qəzasından sonra biz yenə informasiya məkanımızda xeyli məsələlərin yerində olmadığını müşahidə etdik”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyıb.
 
Onun sözlərinə görə, yenə də bəzi hallarda hadisə manipuliyasiya edilərək təqdim edildi:

"Onun izahı və şərh edilməsi yenə də qeyri-peşəkarların üstünə düşdü ya da atıldı. Beləliklə, informasiya psevdo-vətənpərvərlərimiz bilərəkdən və ya bilməyərəkdən Milli Ordumuzun imicinə onun illərlə komplektləşdirilmiş şəxsi heyətinin peşəkarlığına xələl gətirən hallara yol verdilər. Bu isə həm hərbi, həm də informasiya təhlükəsizliyimiz baxımından milli maraqlarımıza uyğun deyil”.

Hikmət Babaoğlu bildirib ki, qəzanın nədən baş verdiyi hamımız üçün bir sualdır, ancaq hər birimizə bu sualın doğru cavabı lazımdır:

"Ona görə də hər şeydən öncə media bu suala düzgün cavab verə biləcək peşəkarlara və rəsmi qrumlara üz tutmalıdır. Biz isə bəzən cəmiyyətin təcili informasiya tələbatını görən kimi onu qarşılamaq üçün hər hansı mənbəyə üz tutur, həmin mənbədən əldə etdiyimiz məlumatları cəmiyyətə təqdim edirik. Bu, doğru, yaxud media adına peşəkar yanaşma deyil. Yanılış informasiya yaymağın ictimai, yaxud hüquqi məsuliyyətinə gəldikdə isə biz əksər hallarda "söz azadlığı” çətiri altında gizlənməyə çalışırıq. Bu da doğru deyil”.

Deputat hesab edir ki, informasiya cəmiyyətində hər şeydən öncə məsuliyyət, dəqiqlik yalnız bundan sonra operativlik öndə olmalıdır:

"Milli maraqlarımızın, ordumuzun, onun şanlı mənsublarının əleyhinə işləyə biləcək operativlik heç kəsə lazım deyil. Hamı bilir ki, belə qəzalar dünyanın hər yerində olur. Bənzər qəzalara görə dünya statistikasına nəzər salsaq görəcəyik ki, Azərbaycan bu tipli qəzalara görə ən son yerlərdən birini tutur. Bu da ordumuzun texniki təchizatının yeni və keyfiyyətli, hərbiçi kadrlarımızın isə hazırlığının yüksək səviyyədə olması ilə əlaqədardır. Ona görə də milli mediamız bu mühüm nüanslara daima diqqət yetirməli və daha məsuliyyətli davranmağı bacarmalıdır” .

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X