Siyasət 12:36 13.06.2013

Deputat: "Ölkədə dövlət çevrilişi ola bilər"

Milli Məclisin növbədənkənar sessiyası başlayıb.

Qaynar.info-nun məlumatına görə, iclasda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, ölkədə yenidən dövlət çevrilişi ola bilər: "1993-cü ildə Gəncədə qiyam baş verərkən indi Müdafiə Nazirliyinin tərkibində təmsil olunan bəzi şəxslər o vaxtda çox yüksək postlarda idilər. Amma çox təəssüf ki, o vaxtlar Ali Baş Komandanı dəstəkləmədilər və qiyam baş verdi. İndi də hər hansı bir qarşıdurma baş verərsə, onda həmin adamlar yenə də Ali Baş Komandanın əmrini icra etməyəcəklər. Ona görə təklif edirəm ki, hökumətin tərkibi müzakirə olunarkən, Müdafiə Nazirliyinin tərkibində milli kadrlar seçilsin və tərkib yenidən formalaşsın".

Q.Həsənquliyevin dediklərinə cavab olaraq spiker Oqtay Əsədov deyib ki, bu məsələdə narahat olmağa ehtiyac yoxdur: "Xarici qüvvələr nəsə problem yaratmağa çalışırlar. Amma ölkədəki sabitliyi poza bilməyəcəklər".

Qaynar.info