Ölkə 13:26 27.07.2021

Deputatdan Operativ Qərargahın yeni qərarlarına münasibət

"Aydındır ki, yeni qaydaların tətbiqində məqsəd vaksinasiya prosesini sürətləndirməkdir”.

Bunu Qaynarinfo-ya Milli Məclisin deputatı Vüqar Bayramov Operativ Qərargahın yeni qərarlarına münasibət bildirərkən deyib. Deputat hesab edir ki, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var:

"Sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərindən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Ümumdünya Səhiyyə Təşkilatı əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 4 milyon 564 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 1 milyon 910 min nəfərdir. Bloomberg-in məlumatına görə, Azərbaycanda əhalinin cəmi 19.1 faizi hər iki doza peyvənd olunub. Göründüyü tam vaksinasiya səviyyəsinə görə Azərbaycan MDB-də birinci olsa da, peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 fazilik tövsiyəsindən aşağıdır. Əvvəlla, daha yaxşı olardı ki, iri ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın. Bu prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda növbələrin sayını və kənar müdaxilələri azaldar”.
 
 

Vüqar Bayramov bildirib ki, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var:

"Pandemiya ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması yaxşı olardı. Bütün bunlar vaksinasıya prosesinin sürətləndirilməsinə dəstək ola bilər”.

Bahar Rüstəmli