Siyasət 15:27 14.03.2015

Deputatlarımız Ermənistana getməyəcək - AÇIQLAMA

Milli Məclis azərbaycanlı deputatların Avronest Parlament Assambleyasının Ermənistanda keçiriləcək iclasına qatılacağı haqda yayılan məlumatlara aydınlıq gətirib. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu azvision.az-ın sorğusuna cavab olaraq bildirib ki, deputatlarımızın Ermənistana gedəcəyi haqda xəbərlər düşmənin növbəti təxribatıdır:

“Dəqiq deyə bilmərəm, Avronest Parlament Assambleyasının dördüncü plenar iclası İrəvanda keçiriləcək ya yox. Amma onu deyə bilərəm iclas İrəvanda keçirilsə belə, Azərbaycan tərəfindən bir nəfər də millət vəkili olmayacaq”. 

Qeyd edək ki, Ermənistanın “Aykakan Jamanak” qəzeti Türkiyə hökumətinin xahişi ilə Azərbaycan nümayəndə heyətinin martın 16-da Ermənistan paytaxtı İrəvanda keçirilməsi planlaşdırılan Avronest Parlament Assambleyasının dördüncü plenar iclasına qatılacağı ilə bağlı məlumat yayıb. 

“Türkiyə əmindir ki, əgər azərbaycanlılar İrəvana gəlməsə, Avronest Parlament Assambleyası heç bir etiraz olmadan erməni “soyqırım”ının 100 illiyi ilə bağlı qətnamə qəbul edəcək. İndi isə, azərbaycanlılar Yerevana xüsusi məqsədlə gəlirlər. Onlar nəyin bahasına olursa olsun, erməni “soyqırım”ı ilə bağlı hər hansı sənədin qəbuluna mane olacaqlar ”, - deyə “Aykakan Jamanak” qəzeti xəbər yayıb. 

Qaynar.info