Dünya 22:56 03.06.2018

Diktator seçim qarşısında: Kürəyini kimə söykəyəcək?

Amerika Birləşmiş Ştatları (ABŞ) və Şimali Koreya arasında yaşanan gərginliyin aradan qaldırılması üçün iki ölkə liderinin görüşü nəzərdə tutulur. Qeyd edək ki, bundan öncə də bir neçə dəfə keçirilməsinə cəhd olunsa da, görüş reallaşmadı. Müxtəlif səbəblərdən hər iki ölkə bu görüşün keçirilməsindən imtina edib. Son olaraq isə ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə planlaşdırılan görüşü ləğv edib. Tramp Şimali Koreya liderinə göndərdiyi məktubda Pxenyanın sonuncu bəyanatını əsas gətirib və görüşün uyğun olmadığı vurğulanıb. Qeyd edək ki, Şimali Koreya ABŞ-ın Qüdsdə səfirlik açmasına və bunun fələstinlilərin ölümü ilə nəticələnməsinə etiraz etmiş və bununla bağlı bəyanat yaymışdı. Görüşün isə iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı.

Ancaq bu günlərdə ABŞ və Şimali Koreya liderləri görüş üçün yenidən müzakirələrin başlandığını və görüşün keçirilməsinə hazırlıqların davam etdiyini bəyan etdilər. Bu ərəfədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Koreyaya səfər etməsi məsələdə üçüncü tərəfin də maraqlarını önə çıxartdı. Maraqlıdır, Şimali Koreya ABŞ və Rusiya arasında seçim edərsə, hansı gücün yanında olmağa üstünlük verəcək?

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində görüş ərəfəsində Sergey Lavrovun təcili olaraq Şimali Koreyaya səfərini Rusiyanın bu prosesdə geosiyasi maraqlarını ortaya qoyması kimi dəyərləndirib:

"Hiss olunur ki, indiyə qədər gedən proseslər heç də təkcə Şimali Koreya rəhbərliyinin verdiyi qərarla məhdudlaşmır. Görünür ki, bu qərarların arxasında, xüsusilə də Kim Çen Inı istiqamətləndirən müəyyən güclər var ki, onların arasında Rusiya da yer alır. Əks təqdirdə, Rusiya iki dövlət başçısının görüşü ərəfəsində təcili olaraq öz xarici işlər nazirini Şimali Koreyaya göndərməzdi. Ancaq Lavrovun səfərindən sonra Kim Çen Inın verəcəyi qərar hesab edirəm ki, o, daha çox Şimali Koreyanın maraqlarına uyğun olacaq. Çünki Kim Çen In bilir ki, müharibə olarsa, Şimali Koreya ABŞ-ın qarşısında uzun müddət dayana bilməyəcək. Digər tərəfdən Kim Çen Ina məlumdur ki, belə bir savaş çıxarsa, bu təkcə onun hakimiyyətdən getməsilə deyil, bütövlükdə Şimali Koreyanın dağılması ilə nəticələnə bilər. Ona görə də düşünürəm ki, ABŞ prezidenti ilə görüş baş tutacaq. Doğrudur, bu bir görüş çərçivəsində həll olunacaq məsələ deyil. Çünki Şimali Koreya əgər bütün nüvə obyektlərini və layihələrini dayandıracaqsa, təbii ki, bunun müqabilində ABŞ-dan çox ciddi istəkləri olacaq. Bu məsələlərin hamısını razılaşdırmaq üçün isə müəyyən zamana ehtiyac var. Bu baxımdan düşünürəm ki, birinci görüşlə sadəcə olaraq bu prosesin başlamasına rəvac veriləcək”.

N.Miri hesab edir ki, sözügedən görüş Rusiyanın istəklərinə rəğmən Şimali Koreyanın maraqlarına uyğun şəkildə davam edəcək:

"Şimali Koreya öz maraqlarını üstün tutaraq ABŞ-la görüşü tamamilə ləğv etməyəcək. Bunun alternativi yenidən Şimali Koreyanın bütün sahələr üzrə sanksiyalara məruz qalmasını və hətta hərbi müdaxiləni özündə ehtiva edə bilər”.