Ölkə 16:58 30.05.2018

DİM sədri: "Ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir"

"1992-1993-cü illərdə I qrupa tibb ixtisasları daxil olduğu üçün qızların sayı çox idi, lakin 1994-cü ildən sonra həmin qrupdan tibb ixtisasları çıxarıldığı üçün qızların da sayı azaldı. Daha sonra 1-ci qrupa sənəd verən qızların sayı yenidən artmağa başladı. Bu qrupa sənəd verənlərin 35 faizi qız olsa da, qəbul olanların 40 faizi qız olur. Çünki qızların riyaziyyat, fizika və s.-dən nəticələri daha yüksəkdir".

Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib.

DİM bildirib ki, Azərbaycanda qızların bütün təhsil səviyyələri üzrə təhsil alma imkanları var: "Ali və orta məktəbə qəbul olanların 50 faizi qızlar olur. Azərbaycanda qızların orta və ali məktəblərə qəbul olunması ilə bağlı problem yoxdur. Son 7 ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir. Son 7 ildə 600 baldan çox nəticə göst­ərən abituriyentlər arasında da q­ızların sayı oğlan­lardan çoxdur".