(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusu üzrə hazırlanıb)
Müharibə zamanı və ondan əvvəl dinc əhaliyə qarşı törədilən ağır cinayətlər beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. İnsanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında hansı platforma daha böyük rol oynayır: informasiya mübarizəsi, yoxsa diplomatik tədbirlər?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, əldə olunan tarixi zəfərin dünyaya çatdırılması müxtəlif kanallar vasitəsilə həyata keçirilir:

“Amma bu gün hamı üçün kütləvi şəkildə əlçatan əsas informasiya mənbəyi, şübhəsiz ki, mediadır. Media bu gün kütləviliyi ilə, əlbəttə ki, onu təbliğat konteksində diplomatiyadan daha üstün edir. Diplomatiya isə özünün rəsmi əlaqələri və konkret hədəflərə daha mütləq şəkildə çatması ilə bu boşluğu doldurur. Dolayısı ilə burada hər iki istiqamət vacib istiqamət kimi çıxış edir. Bu gün məhz diplomatiyanın fəaliyyətidir ki, strateji problemlərin həll edilməsi və təbliğat materiallarının hazırlanması işlərinin nə qədər sürətlə həyata keçirildiyini biz görürük”.
Hikmət Babaoğlu əlavə edib ki, diplomatiya siyasi qərarların həyata keçirilməsi və onların dövlətlərarası münasibətlərdə mühüm komponent kimi çıxış etməsini təmin edən vasitədir:
“Siyasi qərarların və diplomatik əlaqələrin nəticəsində meydana çıxan gerçəkliyi isə artıq media dünyaya çatdırır. Ona görə funksional baxımdan bunlar həm də əsaslı şəkildə fərqlənən istiqamətlərdir. Bunu daha çox hansı institut edir, media, yoxsa diplomatiya təbliğatda öndədir müqayisəsi hər iki sahənin fundamental xarakteri baxımından o qədər doğru müqayisə olmazdı”.
Deputatın fikrincə, siyasətin həyata keçirilməsinin əsas vasitəsi olan diplomatiya Azərbaycan həqiqətlərinin yaratdığı yeni reallıqlar kontekstində media üçün yeni reallıqlar təqdim edir:
“Və media da bunun təbliği ilə məşğul olur. Ona görə də düşünürəm ki, hər iki institut — biri rəsmi, biri isə daha çox kütləvi funksiyası etibarilə — Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Şərhlər