Havaların birdən-birə soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyaları geniş yayılıb.
Mütəxəssislərə görə, kəskin respirator viruslar hava-damcı yolu ilə keçən, tənəffüs yollarının iltihabına səbəb olan xəstəliklərdir. Bura qrip, para-qrip və s. xəstəliklər aiddir.
"Qaynarinfo" xəbər verir ki, həkim-terapevt Mətanət Cəfərova sputnik.az-a açıqlamasında bildirir ki, hava soyuyanda kəskin respirator xəstəliklər daha çox müşahidə edilir: "Son günlər böyüklər və uşaqlar arasında həkimə müraciət hallarının əhəmiyyətli hissəsi kəskin respirator viruslarla bağlı olub. Amma hər burnu axana da qrip demək olmaz. Bəzən insanlara qriplə adi zökəmi qarışdırırlar. Buna görə də, xəstələn zaman daha diqqətli olmaq lazımdır".
"Belə ki, qrip və kəskin respirator xəstəliklərin müalicəsi üçün virus əleyhinə preparatlar, antibiotiklər, hərarət salan dərmanlar, vitaminlərdən istifadə etmək lazımdır. Qrip virusuna şübhə varsa, ancaq ikincili bakterial infeksiya müşahidə edilmirsə, ağırlaşma yoxdursa, antibiotiklərdən istifadə etmək məsləhət görülmür. Lüzumsuz istifadə edilən antibiotiklər bədən müqavimətini azaldır və virusun bədəndən çıxma müddətini uzadır" - Cəfərova qeyd edir.
Həkim bildirir ki, zamanla qrip virusunun yeni növləri meydana gəlir. İnsanların da yeni növlərə qarşı müqaviməti olmur. Buna görə də, virusun yeni növünə qarşı olan müalicəni çətinləşdirir.
"Qripdən birinci qorunmaq yolu qrip əleyhinə vaksindir. Qrip vaksinləri antigen quruluşları bir-birinə oxşar olan viruslara təsir edir, amma tiplərinə görə bir-birindən fərqlənən viruslara təsir etmir. Qripə qarşı vaksinlər 6 ay - 5 yaşına qədər olan uşaqlara, hamilələrə, 50 yaşından yuxarı olan şəxslərə, ağır xroniki xəstəlikləri, astma, şəkərli diabet, ürək xəstəlikləri olanlara, xüsusi qulluq tələb edən insanlara (qocalar evində və uşaq evində yaşayan insanlar) və bir də tibb işçilərinə verilməlidir" - mütəxəssis diqqətə çatdırır.
Cəfərovanın sözlərinə görə, soyuq havalarda 65 yaşından yuxarı və 1 yaşından kiçik uşaqlara qarşı daha diqqətli davranılmalıdır: "Çünki bu yaş qrupları kəskin respirator viruslara qarşı daha həssas olur və onlarda fəsadlar daha çox meydana gəlir. Hamilələr, ürək-damar, ağciyər xəstəliklərindən, şəkərli diabetdən əziyyət çəkənlər, immun çatışmazlığı olanlar, kimyəvi terapiya qəbul edənlər, daha öncələri qripdən fəsad yaşamış insanlar və kənar şəxslərin yardımına ehtiyacı olan şəxslər (əlillər) daha ehtiyatlı davranmalıdır.
"Xəstəlikdən qorunmaq üçün şəxsi gigiyenaya riayət etmək, əlləri tez-tez yumaq, öskürmə-asqırma zamanı ağzı tutmaq, evi və ev əşyalarını dezinfeksiya etmək, çox adam olan yerlərdən, xüsusən xəstə olan yerdən uzaq durmaq lazımdır. Qrip hərarətin qalxması ilə müşahidə edilirsə, yataq rejiminə riayət etmək lazımdır. Yəni, soyuqdan istiyə, istidən soyuğa çıxmaq olmaz" - həkim vurğulayır.
Əlavə edir ki, yuxu rejiminə xüsusi diqqət yetirmək, mövsümü meyvə-tərəvəz yemək, bol maye qəbul etmək lazımdır: "Qripə yoluxmusunuzsa, boğaz və burun üçün antiseptiklərdən istifadə etməlisiniz. Burunu adi dəniz suyu ilə yumaq olar. Boğazı isə hər hansı bir antiseptik məhlul ilə yumaq lazımdır. Bunu evdə də hazırlamaq olar. 3 faizli perekisin içərisinə 3 həb "Furatsilin" əzib tökərək boğazı yumaq olar".
Sonda mütəxəssis faydalı məsləhətlərini təqdim edir. Belə ki, soyuq havalarda kəskin respirator viruslardan, o cümlədən qripdən qorunmaq üçün:
- Zəncəfilli, limonlu, nanəli çay için;
- Əgər güclü öskürək müşahidə edilirsə, bal ilə limon qarışığı öskürəyin azaldır;
- Yüksək hərarət müşahidə edilirsə, yataq rejiminə riayət edilməlidir;
- İctimai nəqliyyatdan istifadə edirsinizsə, tutacaqlardan tutduqdan sonra əllərinizi yuyun və ya dezinfeksiya edici məhlulla silin;
- Alma, mandarin, portağal, limon və s. bu kimi meyvələrdən çox istifadə edin.
Qaynarinfo.Az
Şərhlər