Xəbər lenti

Donatella Versace italyan brendindəki vəzifəsini tərk edir
Dünya 19:02 13.03.2025

Donatella Versace italyan brendindəki vəzifəsini tərk edir

İtaliyanın məşhur lüks moda evi "Versace"nin rəhbəri Donatella Versace markanın dizayn idarəçiliyini "Miu Miu" brendindən Dario Vitaleyə təhvil verir.

Qaynarinfo xəbər verir ki, təxminən 30 ildir "Versace"nin başında duran Donatella Versace bu qərarını açıqlayaraq, brendin yeni dövrə qədəm qoyduğunu bildirib. Bu dəyişiklik "Miu Miu"nun da sahibi olan "Prada" moda evinin "Versace"ni satın almaq üçün danışıqlar apardığı xəbərlərindən sonra baş verib.

AFP agentliyinin məlumatına görə, bu qərar "Versace"nin idarəçiliyinin ailənin nəzarətindən çıxması deməkdir. Cəsarətli və nümayişkaranə dəb üslubu ilə tanınan "Versace" xüsusilə yüksək cəmiyyət nümayəndələri arasında məşhurdur.

Brend 1978-ci ildə Canni Versace tərəfindən yaradılıb. 1997-ci ildə onun faciəvi ölümündən sonra Donatella Versace markanın rəhbərliyini üzərinə götürmüşdü.

"Qardaşım Canni Versacenin irsini qoruyub saxlamaq həyatımın ən böyük şərəfi oldu. O, həqiqətən bir dahi idi. Onun ruhundan və qətiyyətindən bir qismini mənimsəyə bildiyimi düşünmək mənim üçün böyük bir ümiddir", deyə Donatella Versace bildirib. 

O, bundan sonra da markanın ən sadiq dəstəkçisi olaraq qalacağını vurğulayıb. Donatella Versace brendin rəsmi səfiri kimi fəaliyyətini davam etdirəcək.

"Versace" 2018-ci ildən etibarən "Jimmy Choo" və "Michael Kors"un da daxil olduğu "Capri Holdings" moda qrupunun tərkibindədir. "Bloomberg" agentliyinin məlumatına görə, "Capri Holdings" bu ayın əvvəlində brendi təxminən 1,5 milyard avroya (1,6 milyard dollar) satmaq niyyətində olduğunu açıqlamışdı.

Aydın





Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->