"Əlimizdəki sübutlar onu deməyə əsas verir ki, meyit 10 yaşlı Nərminə aid deyil. Əgər sübut olunsa ki, meyit Nərminə aid deyil, deməli, İlkin Süleymanovun üzərindən ittiham götürüləcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında İlkin Süleymanovun vəkili Əlibaba Rzayev 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılması ilə bağlı cinayət işinin məhkəmə prosesindən danışarkən deyib.
Onun sözlərinə görə, tapılan meyitin qanı ilə 10 yaşlı Nərminin qan qrupu uyğun gəlmir:
"Tamamilə fərqlidir, bu, işin içində olan sübutlardan, faktlardan götürülüb. Meyitin ölçüsü ilə Nərminin boyu arasında fərq var. Belə çıxır ki, bu, həmin meyit deyil. Vaideynlərinin deməsinə görə, uşaq bir az da balaca olub. Bunlar ciddi ziddiyyətlərdir”.
Vəkil bildirib ki, 10 yaşlı Nərminin valideynləri həmin meyitin kimə məxsus olmasını araşdırmaq istəmir:
"Əgər əsaslar varsa, meyit qəbirdən çıxarılmalı və ekskumasiya olunmalıdır. Bu məsələ Nərminin ailəsi tərəfindən hələ qaldırılmayıb. Biz ibtidai istintaq zamanı vəsadət vermişik ki, meyit ekskumasiya olsun və müəyyən suallar cavabını tapsın. İbtidai istintaqda bizim vəsadətimiz təmin olunmayıb. Amma məhkəmədə bununla bağlı araşdırma gedir və biz planlaşdırırıq ki, bununla bağlı vəsadət qaldıraq. Bizim əlimizdəki sübutlar onu deməyə əsas verir ki, meyit Nərminə aid deyil”.
"Bəs 11 yaşlı Nərminin özü harada ola bilər” sualına vəkilin cavabı belə olub:
"Biz bilmirik, bunu prokurorluq araşdırmalıdır. Amma prokurorluq bu məsələlərin heç birini araşdırmayıb. İlkinin bu cinayət hadisəsində günahı varmı? Heç bu da sübut olunmayıb. Tutaq ki, meyit Nərminə aiddir. Onun İlkin Süleymanov tərəfindən öldürülməsinə aid prokurorluq sübut qoymayıb. Bu bizim üçün ciddi faktdır. Bizim üçün müdafiə tərəfi olaraq ən vacib məsələ ondan ibarətdir ki, prokurorluq bu cinayətin İlkin tərəfindən törədildiyini sübut edə bilməyib. Əgər sübut olunsa ki, meyit Nərminə aid deyil, deməli, İlkinin üzərindən ittiham götürüləcək. Bu baxımdan biz məsələnin hərtərəfli araşdırılmasında maraqlıyıq”.
Qeyd edək ki, Qeyd edək ki, 2019-cu ildə Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Bir müddətdən sonra onun kənd ərazisində yandırılan meyiti aşkarlanıb. Bu cinayətlə bağlı axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) maddələrilə ittiham olunur.
Bahar Rüstəmli
Şərhlər