Xəbər lenti

Doğru suallar verməkdə sehrli bir güc var. O gücü kəşf edin!
Anar Askerov
Ekonomiks 10:27 13.09.2019

Doğru suallar verməkdə sehrli bir güc var. O gücü kəşf edin!

Anar Askerov
PR mütəxəssisi

Yəqin ki, çoxunuz uşaqların bizdən daha yaradıcı olduğunu ya müşahidə edibsiniz, ya da bilirsiniz. Bəli, bu həqiqətən də, belədir. Əsas səbəbi də aydındır: yaşlandıqca, öyrəndikcə, fikrimizdə daha çox qəliblər ya qurulur, ya da onları özümüz qururuq.

Bu qəliblər də bizi yaradıcılıqdan uzaqlaşdırır.

Amma başqa bir səbəb daha var. Bu isə az sual verməkdir (elə onu da uşaqlar daha yaxşı edir). Maraqlısı odur ki, sual vermə şəklimiz də gün keçdikcə qəlibləşir.

İlk başdan cavab və həll tapmağa çalışırıq hər şeyə… Lakin çox vaxt əslində problemi hələ anlamamış, təkcə onun ilk halına həll tapmış oluruq. Bu isə bizi alternativlərdən, yaradıcılıqdan məhrum edir.

Düşünün ki, şirkət rəhbərisiniz. İşçilər narazıdırsa, ilk öncə "niyə narazıdırlar?” sualını verməyiniz, əlbəttə ki, normal haldır. Amma tapdığınız həll təkcə bu sualın cavabı olsa, o nəticəsiz ola bilər.

Yəni, siz bu sualla yalnız onların narazı olduğu hallara fokuslanacaqsınız. Həll ola biləcək digər böyük imkanlar hovuzu isə gözdən qaçmış olacaq. Nəticə? Az alternativ, az yaradıcılıq…

Yəni, qoyulan sual düz olmadıqda o, həll tapmaq əvəzinə, bizi məhdudiyyətlərə, qəliblərə salır.

Problemi bir daha yenidən düşünün. Əslində problem işçiləri narazı olması deyil, onları məmnun edən halların olmaması və ya azlığıdır. Yəni sual "niyə narazıdırlar?” əvəzinə "onlar nə istəyir?” ola bilərdi.

Bu halda təkcə onların narazı olduğu halları, hansı ki, bu adətən az olur, yox, onları məmnun edə biləcək limitsiz imkanları dəyərləndirməyə yönələcəksiniz. Hər fikirdən yenisi törəyəcək, hər dəfəsində daha yaradıcı olacaqsınız.

Bu hal reputasiya üçün də keçərlidir. Hər bir addımı problem olaraq düşünüb, ilk öncə onun nə ilə bağlı olduğunu düzgün suallar verərək aydınlaşdırmağa ehtiyac var.

Düşünün ki, maliyyə ekspertisiniz. Özünüzə bu sualı verirsiniz: "nə edə bilərəm ki, güclü reputasiyam olsun?” Ağlınıza neçə fikir gəlir bu haqda? 1? 3? 5?  Yəqin ki, tapdığınız cavabların getmək istədiyiniz yola çox da işıq tutmadığını da başa düşürsünüz.

İndi eyni məqsəd üçün başqa bir sualı düşünək: "Gördüyüm işi necə daha da dəyərli edə bilərəm və bunu insanlara necə çatdıra bilərəm?”.

Birinci sual əlinizdəki mövcud imkanları dəyərləndirir və onlarla ən son məqsədə çatmağı hədəfləyirsə, ikinci alternativ məqsədinizə çatma yolunu göstərib, onu dəstəkləyəcək hazırda sahib olduğunuz və olmadığınız imkanları hesaba qatır.

Birinci sualda sadəcə maliyyəçi idinizsə, ikinci sualda insanlara fayda təklif edən bir ekspert simasına çevrilmiş olursunuz. Yəni problem ölçünüz nə etməyiniz yox, onu necə edəcəyiniz olmuş olur.

Bir düşünün, bu suala cavab tapdıqda siz həm dəyər təklifinizi, həm də pozisiyanızı aydınlaşdırmış oldunuz. Amma çox da əmin olmayın sual verməyə davam edin ????. Bütün sirlər, cavablar, imkanlar oradadır.

Aşağıdakı sualları qarşılaşdırmağınızı təklif edirəm:

Hədəf auditoriyam kimdir?

Yoxsa

Təklif etdiyim dəyərlər hansı faydalar yaradır və bu fayda kimlərə lazımdır?

Başqa bir sual:

Mesajlarımı auditoriyama necə və hansı kanallar vasitəsilə çatdıra bilərəm? Auditoriyam hansı kanalları izləyir?

Yoxsa

Yaratdığım faydalardan yararlanmasa belə, onlar haqqında məlumat yaradıb ötürməyə maraqlı olanlar kimlərdir? Mənimlə ortaq dəyərləri kimlər bölüşür? Auditoriyam bu kanalları izləyir və onlara inanırmı?

Qısacası, problemləri daha yaxşı başa düşmək üçün sual vermək özü də kifayət deyil. Verdiyiniz suallar haqqında da suallar yaradın, sorğulayın ki, o sizi əsas problemə aparsın.

Sual verməkdən çəkinməyin, qəlibləri onlarla genişlədin, ya da onları tamam yox edin.

Qoyun yaradıcılığınız sizi yüksəltsin :)


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->