“Dostluq” yatağı bölgənin iqtisadi və siyasi dizaynını dəyişdirəcək (ŞƏRH)

“Dostluq” yatağı bölgənin iqtisadi və siyasi dizaynını dəyişdirəcək (ŞƏRH)

Xəbər verildiyi kimi, yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Müşahidəçilər memorandumu işğal olunmuş ərazilərinin azad etməsindən sonra Azərbaycanın Xəzərdə və regionda nüfuzunun artması istiqamətində ən uğurlu addımı kimi qiymətləndirirlər. Onların fikincə, Azərbaycanın müasir dövlətçililiyinin təməl sütunlarından biri olan neft-qaz strategiyasının gələcəyi üçün sözugedən memorandum çox əhəmiyyətlidir. Ekspertlər birmənalı olaraq Azərbaycanın neft-qaz strategiyasının keyfiyyətcə yeni mərhələyə daxil olması fikrindədir. 

İqtisadçı ekspert Fuad İbrahimli Qaynarinfo-ya açıqlamasında memorandumu Azərbaycanın neft-qaz strateqiyasının gələcəyi üçün çox önəmli saydığını bildirdi: 



"Xəzər dənizi hövzəsində karbohidrogen ehtiyyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi prosesi ilə bağlı Xəzəryanı ölkələr arasında razılıq sazişi çox vacib əmsaldır. Hər iki ölkə üçün faydalı olacaq razılıq nəticəsində ilk növbədə ordakı karbohidrogen ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunması həyata keçiriləcək. Nəzərə almaq lazımdir ki, istər Azərbaycan, istərsə də Türkmənistanın bununla bağlı həm daxili maliyyə imkanları, həm də təcürbələri var. Qısa müddət kəsiyində yatağın iqtisadi dövriyyəyə cəlb olunacağına şübhə yoxdur. Bu halda ilk növbədə Azərbaycanın sahib olduğu kommunikasiyalardan istifadə olunacaq. Yəni, istər hasilat dövründə, istər iqtisadi dövriyyəyə cəlb olunması prosesində, istərsə də tranzit dəhlizi məsələsində Azərbaycan ancaq mənfəət götürəcək. Bununla yanaşı iqtisadi cəhətdən sazişlər imzalayaraq birgə mənfəət götürmək prosesi Türkmənistanla xoş qonşuluq münasibətlərini şərtləndirəcək ki, bu da hər iki ölkədə müsbət qəbul olunur”.

Ekspert hesab edir ki, Transxəzər layihəsinin gündəmə gəlməsi və reallaşması üçün imzalanan memorandumun böyük əhəmiyyəti olacaq: 

"Bu memorandumu Transxəzər kəmərinin reallaşması perspektivi üçün artıq işarə saymaq olar. Düşünürəm ki, Transxəzər layihəsinin perspektivliyinin artması və həyata keçirilməsi istiqamətində qısa zaman kəsiyində addımlar atılacaq. Ümumiyyətlə bu qəbildən olan layihələrin həyata keçməsi tarixinə fikir verdikdə görürük ki, ilk vaxtlar buna qarşı çıxanlar olub. Bakı-Ceyhan layihəsini irəli sürəndə bir çox ölkələr, xüsusi ilə dostluq adı altında buna rişxəndlə yanaşan və bizi istəməyən ölkələr bildirirdilər ki, bu layihə baş tutmayacaq. Amma ustalıqla və ağıllı diplomatiya, xarici və daxili siyasət (ölkədaxili sabitlik) bu layihənin həyata keçməsini şərtləndirdi. İndi burada da dediyimiz sazişin imzalanması ilə bu layihə birmənalı olaraq gündəmə gəlir. Bunu həyata keçirmək üçün də Azərbaycanın kifayət qədər - istər siyasi, istər texniki, istərsə də maddi imkanları var”.

Politoloq Xaqani Cəfərli isə Qaynarinfo-ya açıqlamasında anlaşma memorandumunun geosiyasi əhəmiyyətinə diqqət çəkdi. Onun sözlərinə görə, Azərbaycan tərəfində "Kəpəz”, Türkmənistan tərəfində "Sərdar” adlandırılan yatağın "Dostluğ”a çevrilməsi iki ölkənin münasibətlərinin inkişafında böyük rolu olacaq: 



"Hesab edirəm ki, memorandumu Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə "yaşıl işıq” kimi də qiymətləndirmək olar. Gələcəkdə Xəzər dənizinin dibi ilə kəmərlərin çəkiləcəyinə şübhə yoxdur".
 
Politoloq Elxan Şahinoğlu isə "Dostluq” yatağı ilə bağlı memorandumun müharibədən sonra imzalanmasını Azərbaycana əlavə siyasi divident gətirəcəyi fikrindədir: 
 


"Azərbaycan həm müharibədə qələbə qazandı, həm də dostlarının sayını artırdı. Azərbaycan Türkmənistanla ittifaq yaradır. Bu ittifaqda Türkiyə və Əfqanıstan da maraqlıdırlar.

Bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək. Bundan sonra Azərbaycanla Türkmənistan Xəzərin dibi ilə boru xəttinin tikintisinə dair danışıqlara da başlaya bilərlər. Bu hamının xeyrinədir. Azərbaycan, Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə daşınmasını istəyirlər. Bu həmin boru xətlərinin daşınma həcmini artıracaq. Bundan sonra TAP və TANAP Rusiyanın "şimal axını” və "türk axını” boru xətləri ilə rəqabət apara biləcək”.

Politoloq Azərbaycanla Türkmənistan arasında "Dostluq” yatağı ("Kəpəz” – "Sərdar”) ilə bağlı danışıqların məxfi aparılmasına diqqət çəkərək bildirib ki, xarici qüvvələr sənədin imzalanmasına mane ola bilərdilər: 

"Məlumdur ki, Rusiyadakı mərkəzlər imzalanan sənəddən məmnun qalmayacaqlar. Çünki həmin mərkəzlər Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan və Türkiyə üzərindən Avropa ölkələrinə daşınmasına qısqanclıqla yanaşırlar".

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR