Xəbər lenti

“Doğulmağıma peşmanam” deyən sevimli sənətkarın son sözü: “Ölməyə qoymayın”
Sənət 00:32 23.05.2020

“Doğulmağıma peşmanam” deyən sevimli sənətkarın son sözü: “Ölməyə qoymayın”

Bu gün məşhur qarmon ifaçısı Aslan İlyasovun doğum günüdür.
 
Qaynarinfo Kulis.az-a istinadən sənətkar haqqında maraqlı faktları təqdim edir.

Aslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-ci ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.

***

Qarmon ifaçısı Aslan İlyasov həmçinin özünün yazdığı "Aslani", "Həyati”, "İndira Qandi”, "Səlyani”, "Ülviyyə” rəqsləri ilə böyük məşhurluq qazanıb.



Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lent yazıları saxlanılır. Onun 22-si musiqiçinin bəstələdiyi rəqslərdi. Repertuarından savayı heç nə çalmağı sevməyib.

***

İfaçının 1994-cü ildə Tehran şəhərində kompakt kaseti satışa buraxılıb.



Asalan İlyasov öz zəhməti hesabına beş hektarlıq bağ tikdiribmiş. Bu bağdakı ərazini saxlamaq üçün o, Bakıdakı evini satıb. Yoldan keçən insanlara açıq olan bu bağda eyni zamanda məscid də tikilib. Ailə üzvlərinin dediyinə görə 1988-ci ildə salınan bağdakı hər bir ağacı musiqiçi öz əli ilə əkib.

***

Deyilənə görə, azadlıq hərəkatı zamanı o, Azadlıq meydanında çadır quraraq Salyandan meydana ərzaq gətizdirirmiş. Ordakı insanlara hər cür yardım göstərməyə çalışırmış. Tez-tez cəbhə bölgələrinə əsgərlərin yanına gedib konsertlə verirmiş. Hətta cəbhə bölgəsində əsgərlərə konsert verərkən sənətçi dostlarına tapşırıb ki, musiqinin səsini daha da artırın, düşmən görsün ki, biz ölməmişik, varıq.



Aslan İlyasovun sevilən musiqilərindən biri də "İndra Qandi" rəqsi olub. Musiqiçi bu rəqsi İndra Qandi öləndə yazıb. Özü müsahibələrində bu barədə deyir: "O qadın öldürüləndə mən pərişan oldum. Ağbirçək bir qadın idi, öldürdülər. O zaman dayana bilmədim, bir rəqs yazdım, adını da qoydum "İndra Qandi". Bu rəqs də Dövlət Fondundadır. Axır vaxtlar mobil telefonlara da qoyublar”.

***

Deyilənə görə, Azərbaycan Dövlət Filarmoniyasında qarmon ifa edən zaman ifası ilə elə nalə çəkib ki, salonda əyləşənlərin hamısı, Aslan İlyasov özü də ağlayıb.



Rayon toylarının birində iştirak edəndən bir həftə sonra Aslan İlyasova zəng gəlir. Zəng vuran toy sahiblərindən biri olur. O, bildirir ki, toy kasetinə yenicə baxıblar və Aslan müəllimin ifasını hədsiz dərəcədə bəyəniblər. Toy adamları Aslan müəllimə verilən pulun azlığı narahat edib. Onlar xahiş ediblər ki, görüşüb ona əlavə zəhmət haqqı ödəyib, səhvlərin düzəltsinlər. Ancaq o, bu təkliflə razılaşmayıb. Toy adamları bir ay ona zəng vururlar, musiqiçi isə hər dəfə bir bəhanə ilə yayınır. Nəhayət bir gün onun iştirak etdiyi toya gələn adamlar ona iki böyük qızıl medalyon bağışlayırlar.

***

Aslan İlyasovun qarmonuna bir çox məşhur və vəzifəli insanlar medalyon sancıblar. Bunlardan biri də general Məhərrəm Əliyev olub. Musiqiçi bu barədə xatirələrində deyir: "Məhərrəm Əliyevdən tutmuş digər generallara kimi hamısı mənə qızıl medalyon hədiyyə edib. Görürdülər, puldan qaçıram, çıxış yolunu qızıl medalyonda tapırdılar”.



Aslan İlyasov xalq tərəfindən sevilsə də, heç bir fəxri adı olmayıb. Buna görə musiqiçi son illər çox pis olurmuş: "Bugünkü xalq artistləri var ha, Aslan meydanda olanda onların çoxu dünyaya gəlməmişdi. Amma efirə çıxmaları ilə fəxri ad almaları bir olur. Görəsən, bu necə olur? Mən traktorla bölgələrə gedib konsertlər vermişəm. Müharibə dövründə bölgələrdə olmuşam, hamısının video-görüntüsü var. Konsert verib, əldə etdiyim pulu imkansızların hesabına köçürmüşəm. Ancaq gedib kiminsə qapısını döyüb, kiməsə yalvarmamışam ki, mənə fəxri ad verin. Mənə adı xalqım verib. O adla da qəbirə gedəcəm. Bu boyda da haqsızlıq olar? Dünyaya gəlməyimə peşmanam. Adam nifrət edir”.



Aslan İlyasov sovet dövründə toylardan küllü miqdarda pul qazanan tək-tük sənətçilərdən olub. Azərbaycanda musiqiçilər arasında ilk "Mersedes 600” markalı avtomobili alan da Aslan İlyasov olub. Avtomobilin içərisində kondisioner olduğundan isti yay günlərində musiqiçi maşının şüşələrini bağlayıb sürürmüş. Kənardan baxanlar isə onun istidə bağlı maşının içərisində oturmasına baxıb gülürmüşlər.

***

Xəstəliyi ilə bağlı bir neçə dəfə əməliyyat olunan musiqiçi avtomobilini satışa çıxarıb. Ancaq efirdən bu xəbəri alan dostları onun maşınını satmasına razı olmayıb növbəti əməliyyat xərcini özləri ödəyiblər.



Ov həvəskarı imiş. Onun dünyasını dəyişən qardaşı da ovçu olub. Günlərin birində o, bir qartalı vurub öldürür. Sonra həmin qartalı Aslan müəllimə gətirir. Aslan İlyasov isə qartaldan heykəl düzəltdirir və onu ancaq təbiət qoynunda meynəlikdə saxlayır.

***

Oğlunun sözlərinə görə ömrünün son günlərində sənətçinin yanına Ənvər Sadıqov və Sadıq Zərbəliyevdən başqa heç kim gəlməyib.



Aslan İlyasov haqqında çox saylı lətifələr qoşulub. Özü də xeyli baməzə adam olub. Hətta zahir görünüşünə, koloritli danışığına və ləhcəsinə görə onu Habil Əliyevdən üstün qiymətləndirənlər də olub.

***

Deyilənə görə musiqiçi bir çox zərərli vərdişlərlə yanaşı içkini də çox sevirmiş. Xəstəliyinin yaranma səbəbi də pis vərdişlərə aludəçiliyi olub. Ancaq özündən gənclərə içkidən və narkotikdən uzaq durmağı tövsiyə edib. Aktyor Çingiz Əhmədov müsahibələrinin birində deyir: "Aslan İlyasov kişi qeyrətli insan idi. 7-8 il bundan qabaq biz bir tədbirə düşdük. Getsin o günlər. Mən tamam qurtarmışam o aləmlə. Aslan mənə qayıtdı ki, Çina, içkini qoy qırağa, o heç kəsə xeyir gətirməyib. Özüm özlüyümdə düşündüm ki, bu özü yeyib-içən oğlandır, indi mənə niyə elə deyir. Sən demə demək istəyib ki, cavansan, indidən qurtar bu aləmlə. Mən ondan sonra içki aləminə nifrət etdim."



Sənətçi yatağa düşməzdən əvvəl müalicəsinə lazım olan məbləği qazanmaq üçün toylara getmək məcburiyyətində qalıb. Onun xəstəliyini bilən insanlar bir mahnı ifa etmək üçün onu toylarına çağırır, əvəzində yaxşı pul verirmişlər.

***

Aslan İlyasov qaraciyər serrozundan əziyyət çəkib. Bir neçə dəfə ölümdən qayıdan musiqiçini son dəfə xəstəxanadan evə gətirəndə öləcəyini güman edərək üzü qibləyə tərəf çeviriblər. Lakin musiqiçi bundan sonra bir neçə ay da yaşayıb.


Aslan İlyasovun xəstəliyi ölümcül olsa da, o, heç bir dövlət qurumundan, vəzifəli şəxslərdən kömək istəməyib. Onun son arzularından biri ölməzdən əvvəl Zeynəb Xanlarovanı görmək olub

***

Ölümündən bir neçə gün əvvəl sənətçi göz yaşları içərisində bu sözləri deyib: "Sənət dostlarım əvvəllər içki içəndə gəlirdilər. İndi yatağa düşmüşəm, qapımı döyən yoxdur. Uşaqlarımın toyunu görə bilmədim. Ölmək istəmirəm. Qoymayın ölüm!"

***

Sənətkar 22 dekabr 2013-cü ildə Bakı şəhərində vəfat edib. Salyan məzarlığında dəfn olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->