Ölkə 15:15 25.02.2020

DTX-nın həbs etdiyi başçının səlahiyyətləri kimə həvalə olunub? (AÇIQLAMA)

"Neftçala Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətləri hələlik heç kimə həvalə olunmayıb”. 

Bu barədə bizimxeber.az-ın sorğusuna cavab olaraq icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Çiçək Adgözləova bildirib.

Sektor müdiri əlavə edib ki, belə hallarda icra başçısının səlahiyyətləri adətən müavinlərə həvalə olunur: "Amma hazırda icra hakimiyyətində heç bir müavin yoxdur. Müavinlərdən birinin yeri uzun müddətdir vakant olaraq saxlanılırdı. Diğər iki müavin – Vurğun Əkbərov həbs olunub, diğər müavin Gültəkin Sadıqova isə ötən gün işdən çıxarılıb. Buna görə də, İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətləri hələlik heç kimə həvalə olunmayıb”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Neftçala İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı İsmayıl Vəliyev, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, YAP rayon Təşkilatının sədri Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıb.