Xəbər lenti

Baş ağrıları neandertal genləri ilə əlaqəli ola bilər
Sağlamlıq 23:59 14.07.2025

Baş ağrıları neandertal genləri ilə əlaqəli ola bilər

Alimlər müasir insanlarda baş ağrılarının bəzi hallarda neandertallardan miras qalan genetik xüsusiyyətlərlə bağlı ola biləcəyini müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. 

Evolution, Medicine and Public Health adlı elmi jurnalda dərc olunan yeni araşdırmaya görə, qədim hominidlərdən gələn bəzi genlər, Kiari anomaliyası (Chiari malformasiyası) kimi tanınan nadir beyin qüsurunun inkişafına səbəb ola bilər. Bu vəziyyət bəzi insanlarda baş və boyun ağrılarına yol açır.

Bu qüsur zamanı beynin aşağı hissəsi - beyincik - qismən onurğa beyninin başladığı kəllə dəliyinə doğru yer dəyişir. Bunun səbəbi kəllə formasındakı pozğunluqlardır. Bu hal hər 100 nəfərdən birində müşahidə olunur. Əksər insanlarda bu, baş və boyun ağrısı ilə təzahür edir. Daha ağır hallarda isə ciddi nevroloji simptomlara səbəb ola bilər.

Əvvəllər bu cür anatomik dəyişikliklərin təkamül prosesi və ya təsadüfi mutasiyalar nəticəsində meydana gəldiyi düşünülürdü. Lakin son araşdırma bu xüsusiyyətlərin neandertallardan irsən keçdiyini ehtimal edir.

Kanadalı antropoloq doktor Kimberli Plompun rəhbərlik etdiyi alimlər qrupu, Kiari anomaliyası olan və olmayan müasir insanların kəllə sümüklərinin üçölçülü modellərini Homo erectus, Homo heidelbergensis və Homo neanderthalensis kimi qədim insanabənzər növlərin kəllə formaları ilə müqayisə edib. Nəticədə məlum olub ki, Kiari anomaliyası olan müasir insanların kəllə quruluşu neandertalların kəlləsinə daha çox bənzəyir.

Bu da o deməkdir ki, neandertalların kəllə formalaşmasına cavabdeh olan genlər müasir insan genetikasında hələ də mövcuddur. Bu genlər Homo sapiens-in digər genetik xüsusiyyətləri ilə qarşılıqlı təsirdə olduqda isə bəzi inkişaf pozuntularına yol aça bilər.

Alimlərin hesablamalarına görə, neandertal genlərinin 45%-ə qədəri bu gün yaşayan insanlarda müxtəlif dərəcələrdə qorunub saxlanılıb. Lakin bu genlərin bölgələr üzrə paylanması fərqlidir: məsələn, Şərqi Asiyada yaşayanların genetikasında 4%-ə qədər neandertal irsi olduğu düşünülür. Halbuki bir çox Afrika mənşəli insanlarda bu genlər ya yoxdur, ya da çox zəif təmsil olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->