Dünyanın 119 milyarderi bu həftə Davosda bir araya gələcək. Zirvədə iştirak edəcək milyarderlərin ümumi sərvətinin 500 milyard dollardan çox olduğu bildirilir.
Qaynarinfo xəbər verir ki, İngiltərənin Oksfam (Oxfam) təşkilatı milyarderlərlə bağlı hesabat yayımlayıb. Hesabata görə, dünyanın ən zəngin 2153 insanının sərvəti digər 4,6 milyard nəfərin ümumi sərvətindən çoxdur.
"Əgər hər kəs 100 dollarlıq banknotlarının üzərində otursaydı, dünyanın böyük bir qismi yerdə oturmalı olardı. İnkişaf etmiş bir ölkədə yaşayan orta səviyyəli bir insan stul yüksəkliyində əyləşərkən, ən zəngin iki nəfər kosmosda olardı. Əgər bir nəfər bundan 5000 min il öncə, piramidaların tikildiyi dövrdən etibarən hər gün 10 min dollar yığsaydı belə, onun sərvəti dünyanın ən varlı 5 nəfərinin sərvətindən 80 faiz az olacaqdı", - deyə hesabatda qeyd olunur.
Oxfam gəlir ədalətsizliyinin ortadan qaldırılması üçün ölkələri zənginlərdən daha çox vergi almağa çağırır. Sadəcə 0,5 fazilik vergi artımının təhsil və səhiyyə sahələrində 117 milyon yeni iş yeri yarada biləcəyi vurğulanır. Həmçinin ölkələrin varlılarla kasıblar arasındakı uçurumu bağlamaları üçün daha radikal qərarlar qəbul etməli olduğu bildirilir.
Xatırladaq ki, ötən ay Beynəlxalq Valyuta Fondunun sədri Kristalina Georgiyeva da bənzər bəyanatla çıxış etmişdi.
Qeyd edək ki, dünyanın ən varlı insanı olan Amazonun qurucusu Cef Bezosun ümumi sərvəti 116,4 milyard dollar, ikinci sırada yer alan fransalı biznesmen Bernard Arnaultun sərvəti isə 116 milyard dollardır.
Şərhlər