Xəbər lenti

Dünya üçün fəlakət senarisi: 230 milyon insan təhlükə altında
Dünya 22:51 13.10.2025

Dünya üçün fəlakət senarisi: 230 milyon insan təhlükə altında

Almaniyada aparılan yeni bir araşdırma, planetimizin gələcəyi ilə bağlı narahatedici nəticələr ortaya qoyub. Antarktika Qütb Ətrafı Cərəyanındakı (ACC) yavaşlamanı sənədləşdirən tədqiqat, dünyanın müxtəlif yerlərində milyonlarla insanın üzləşdiyi təhlükəni də üzə çıxarıb.

Qaynarinfo xəbər verir ki, Körfəz Cərəyanından beş dəfə güclü, Amazon çayından isə yüz dəfə böyük olan ACC, dünyanın ən iri okean axını sayılır. Bonn Universitetindən alimlər, dəniz dibindən götürülən nüvələri analiz edərək bu axının 130 min il əvvəlkindən üç dəfə yavaş hərəkət etdiyini müəyyənləşdiriblər.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu yavaşlama davam edərsə, iqlim sisteminin çökməsinə səbəb ola biləcək fəlakətli nəticələr qaçılmazdır.

Qlobal iqlim üçün əvəzsiz əhəmiyyət

ACC əsasən qərb küləkləri tərəfindən idarə olunur. Bu küləklər axının okeanlar arasında istilik, karbon və qida maddələrini daşımasını təmin edir. Bu səbəbdən ACC yalnız regional temperatur balansı üçün deyil, həm də planetin iqlim sabitliyi və ekosistemin davamlılığı üçün həyati rol oynayır.

Melburn Universitetindən Dr. Bişaxdatta Qayen "Daily Mail"ə açıqlamasında bildirib ki, bu axının "mühərriki"pozularsa, bəzi bölgələrdə daha kəskin iqlim dəyişkənliyi və okeanın karbon udma qabiliyyətinin azalması müşahidə edilə bilər. Bu isə qlobal istiləşməni daha da sürətləndirə bilər.

Dəniz dibindən toplanan nümunələr dəyişiklikləri üzə çıxardı

Atlantik, Sakit və Hind okeanlarını birləşdirən ACC, Antarktika qitəsini qərbdən şərqə doğru dolanır. Lakin onun minilliklər ərzində necə dəyişdiyi indiyədək tam aydın deyildi. Bonn Universitetindən olan alimlər Antarktikanın şimalındakı Skotiya dənizindən götürülən tortu nümunələrini təhlil edərək, axının son 160 min ildəki sürət və istiqamət dəyişikliklərini hesablamaqla bu boşluğu doldurublar.

Komandaya rəhbərlik edən Dr. Mixael Veber bildirib: "Təxminən 130 min il əvvəl yaşanan sonuncudan əvvəlki isti dövrdə ACC-nin sürəti, indiki dövrdə müşahidə edilən göstəricidən üç dəfə artıq idi".

Yavaşlamanın səbəbi qismən təbii, qismən insan mənşəlidir

Tədqiqatçılar hesab edirlər ki, yavaşlamanın bir hissəsi Yer orbitinin 100 min ildən bir dəyişən elliptik trayektoriyası və oxun 21 min ildən bir bucağını dəyişməsi ilə əlaqədardır. Bu orbital dəyişikliklər Günəş radiasiyasının intensivliyinə təsir göstərərək, küləklərin və dolayısı ilə axınların sürətini dəyişir.

Lakin nəticələr göstərib ki, insan fəaliyyəti bu prosesi daha da gücləndirir. Əridilən buzlaqlar okeanlara böyük miqdarda soyuq, şirin su qarışdıraraq dərin suların sıxlığını azaldır və axının yavaşlamasına səbəb olur.

Simulyasiya nəticəsi: 2050-yə qədər 20 faiz yavaşlama

Melburn Universitetindən mütəxəssislər, superkompüterlər vasitəsilə aparılan modelləşdirmədə, insanın yaratdığı iqlim dəyişikliyinin 2050-ci ilə qədər ACC-nin sürətini əlavə 20 faiz azaldacağını müəyyənləşdiriblər.

Əvvəllər alimlər düşünürdülər ki, istiləşmə güclü küləkləri artıraraq axını sürətləndirəcək. Lakin yeni modellər əksini göstərir: Antarktika buzlarının əriməsi axının ümumilikdə zəifləməsinə səbəb olur.

Okeanda "bariyer" funksiyasını itirə bilər

Mütəxəssislərin fikrincə, ACC-nin daha da zəifləməsi qlobal iqlim üçün dağıdıcı nəticələr doğura bilər. Çünki bu axın okeanlarda qida maddələrinin dövriyyəsini təmin edərək balıq populyasiyalarını dəstəkləyir və istilik axınlarını tənzimləyir.

Eyni zamanda, o, isti suların və "Cənub Buğa yosunu” kimi istilacı növlərin Antarktikaya daxil olmasının qarşısını alan təbii bir baryer rolunu oynayır. Bu baryer zəifləsə, daha çox isti su Antarktika buz örtüyünə çatacaq, bu isə əriməni sürətləndirəcək.

230 milyon insan üçün potensial fəlakət

Antarktika buz təbəqəsi Yer kürəsindəki bütün şirin suyun təxminən 90 faizini ehtiva edir. Əgər bu buzların əriməsi sürətlənərsə, dəniz səviyyəsinin qalxması milyonlarla insan üçün təhlükə yaradacaq.

Tədqiqatçılar hesab edirlər ki, dəniz səviyyəsində cüzi artım belə, hal-hazırda dənizdən cəmi bir metr yüksəklikdə yaşayan 230 milyon insan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.

Antarktika və Atlantik okeanlarındakı dövri axınlar qlobal iqlimin nizamlanmasında mühüm rol oynayır. Lakin son araşdırmalar göstərir ki, bu sistemlər — xüsusilə də Atlantik Meridional Dövran Sistemi (AMOC) — 1950-ci ildən bəri davamlı şəkildə zəifləyir. Bu da planetin "iqlim mühərrikinin” yavaş-yavaş dayanması deməkdir.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->